Sabah Azərbaycanın Silahlı Qüvvələri günüdür

Sabah Azərbaycanın Silahlı Qüvvələri günüdür

26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günüdür. 102 il əvvəl həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Milli Ordumuzun ilk hərbi hissəsi – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Sonrakı aylar ərzində görkəmli Azərbaycan sərkərdələri Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Məhəmməd bəy Sulkeviç və başqaların misilsiz xidmətləri sayəsində yüksək döyüş qabiliyyətinə malik Milli Ordu quruldu. Cümhuriyyət dövründə Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunması, Qarabağın erməni işğalçılarından azad edilməsinə nail ola bildi.

1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib.

Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə “Vəhşi diviziya” adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan “Əlahiddə Azərbaycan korpusu” yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.

1920-ci ildə Azərbaycan Rusiya Sovet Federativ Sosialist Respublikası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verilmiş, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələnmişdi. İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına Sovet İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi. 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb olan Cəmşid Naxçıvanski adına hərbi lisey yarandı. Azərbaycan siyasətçilərinin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da mümkün olmuşdu.

İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşüb, onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibənin hələ ilk günlərində respublikada 4 mindən çox oğlan və qız könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etmişdi. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.

Müharibədə hətta azərbaycanlılardan ibarət diviziyalar təşkil olunmuşdu. 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşlar. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi. 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi. İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.

1991-ci il oktyabrın 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul edib.

Qarabağ müharibəsi zamanı Azərbaycan hökuməti hərbi qulluğa çağırışı həyata keçirirdi və Sovet İttifaqı dağılandan sonra, çox azərbaycanlılar həvəslə ilk aylarıda döyüş üçün hərbi qulluğa daxil olurdu. Azərbaycanın Milli Ordusu təxminən 30,000 kişidən, 10,000-ə yaxın OMON-dan və Azərbaycan Xalq Cəbhəsinin bir neçə min könüllüsündən ibarət idi.

Qarabağ müharibəsi zamanı Azərbaycan 388-395 ədəd artilleriya, 436-458 ədəd tank, 558-1264 ədəd zirehli personal daşıyıcı, 389-480 ədəd zirehli döyüş nəqliyyat vasitəsi, 63-170 ədəd döyüş təyyarəsi və 45-51 helikopter istifadə edib. Ümumi hərbi müqayisədə, 17-32 yaş qrupunda, Ermənistanda hərbi xidmət üçün uyğun kişilərin sayı — 550 000, Azərbaycanda isə 1,3 mln təşkil edirdi.

Qarabağda aerial müharibə əsasən qırıcı və hücum vertolyotlarından ibarət idi. Azərbaycan Hərbi Hava Qüvvələri 45 qırıcıdan ibarət idi və çox vaxt keçmiş Sovet hərbi təcrübəli Rusiya və Ukrayna muzdlular tərəfindən idarə olunurdu. Onlar MiQ-25 və Su-24 kimi inkişaf etmiş təyyarələr və MiQ-21 kimi köhnə nəsil Sovet qırıcı bombardmançılar ilə Qarabağa uçurdular. Ermənilərin müdafiə sisteminin quraşdırılması Azərbaycanın daha çox hava hücum qabiliyyətinə ciddi mane olurdu. Azərbaycan və Ermənistanın ən çox istifadə edilən döyüş vertolyotu — Sovet istehsalı Mil Mi-24 Krokodil idi.

1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub. Ən çoxsaylı itkilər 1992-1994-cü illərdə davam edən hərbi əməliyyatlar zamanı baş verib. Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb. Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında baş verib.

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında baş vermiş Aprel döyüşləri, Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Bakının Azadlıq meydanında hərbi parad keçirilib. Mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunub. Paradda həmçinin Türkiyə, Pakistan, Belarus, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran, İsrail, Qazaxıstan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

2018-ci il sentyabrın 15-də Bakı şəhərində azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Mehriban Əliyeva paradda ediblər. Dövlət başçılarının çıxışlarından sonra Bakı Qarnizonunun şəxsi heyətinin təntənəli keçidi baş tutub.

2016-cı ilin aprelində Füzuli, Cəbrayıl, Ağdərə, Tərtər rayonlarında və Naxçıvan Muxtar Respublikasında bir çox strateji yüksəklikləri azad edərək min hektarlarla ərazinin nəzarətə götürülməsində xüsusilə fərqlənən hərbi hissələrin döyüş bayraqları da parada gətirilib. Meydana Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat Ehtiyatları taborlarını təmsil edən parad heyəti, Xüsusi Təyinatlı Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları daxil olub. Paradı xüsusi təyinatlı avtomobil texnikaları, zirehli-tank texnikası, Hava Hücumundan Müdafiə silahları sistemlərinin, artilleriya silahları və əməliyyat taktiki raket sistemlərinin kolonları davam etdirib.

Türkiyə Silahlı Qüvvələrinin “Mehtəran” birliyi “Mehtər marşı”nın sədaları altında Azadlıq meydanına daxil olub. “Mehtəran” birliyi tribuna ilə üz-üzə dayanaraq “Əsgər marşı”nı ifa edib. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçiblər.

1990-cı illərdə Azərbaycan tam olaraq SSRİ və onun varisi olan Rusiya silahından, hərbi texnikasından asılı vəziyyətdə idi. XXI əsrdə vəziyyət xeyli dərəcədə dəyişdi və Rusiyadan asılılıq xeyli azaldı. 2014-cü ildə Azərbaycan Avropada ikinci ən böyük silah idxalçısı idi. Azərbaycan silahları əsasən İsrail, Türkiyə, Ukrayna, Belarus, Rusiya və Pakistandan idxal edir. Azərbaycan İsraildən IMI Uzi və IMI Tavor TAR-21 avtomatını, IWI Negev yüngül avtomatını, B-300 və Spayk tank əleyhinə raketlərini, LAR-160 reaktiv yaylım atəş sistemini, ATMOS 2000 özüyeriyən artilleriya qurğularını, AIL Storm, Plasan Sand Cat və AIL Abir yüngül zirehli maşınlarını, Cardom minaatanını, Hermes 450, IAI Heron, IAI Searcher, Orbiter və Aerostar PUA-larını, Rusiyadan Kamov Ka-27, Mil Mi-17 və Mi-24 helikopterlərini, MiQ-21, MiQ-29 və Su-25 döyüş təyyarələrini, BTR-80 zirehli transportyoru, BMP-3M piyada döyüş maşınlarını, T-90S tanklarını, 9M133 Kornet tank əleyhinə raketlərini, TOS-1, BM-30 Smerç reaktiv yaylım atəş sistemlərini, Belarusdan 2S7 Pion özüyeriyən artilleriya qurğularını, Polonez reaktiv yaylım atəşi sistemlərini, Türkiyədən T-155 Fırtına özüyeriyən artilleriya qurğularını, T-122 Sakarya və T-300 Qasırğa reaktiv yaylım atəş sistemlərini, Otokar Kobra döyüş kəşfiyyat maşınlarını, Çexiyadan RM-70 Vampir reaktiv yaylım atəş sistemlərini, ABŞ-dan Remington Model 700 snayper tüfənglərini, M16 və M4 avtomatlarını, Almaniyadan Heckler Koch MP5 avtomatlarını və s. idxal edir.

2005-ci il dekabrın 16-da yaranan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi hərbi məhsullardan İstiqlal və Yalquzaq snayper tüfənglərini, Matador və Marauder zirehli transportyorları, Gürzə patrul maşınını, EM-14 və Xəzri avtomatını, Şimşək hücum tüfəngini, İnam, Zəfər-K və Zəfər tapançalarını, Zərbə pilotsuz uçuş aparatını, müxtəlif mm-lik minaatanları, əl qumbaraatanı, tüstü qumbarasını, qəlpəli minalı atəş yığımını və s. qeyd etmək olar. 2018-ci ildə Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edib.

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri müstəqil dövlətimizin keşiyində durur. Güclü Milli Ordumuz Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizin azad edilməsi məqsədilə bütün hərbi vəzifələri həyata keçirməyə hazırdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilib. Hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.