Saatlıda suvarma sistemi yaxşılaşdırılıb (FOTO)

Saatlıda yeni nov kanallar çəkilib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AzerTimes-a bildirib ki,
Saatlıda suvarma mövsümünə ciddi hazırlıq işləri görülüb. Məqsəd
suvarma mövsümündə əkin sahələrinin su təminatını vaxtında və
itkisiz yerinə yetirməkdir. Saatlı Suvarma Sistemləri idarəsi
tərəfindən cari ildə əkin sahələrinin su təminatını yaxşılaşdırmaq
üçün bir çox layihələr həyata keçirilib ki, onlardan biri də
rayonun Yeni Novruzlu və Bəylik kəndində olan əkin sahələrini əhatə
edib. Bu məqsədlə uzunluğu 1km-dən artıq olan yeni nov kanal
çəkilib. Bununla da müvəqqəti istifadə olunan nov kanalda su
itkisinin qarşısı alınacaq və 500 hektardan çox əkin sahəsinin su
təminatı yaxşılaşdırılacaq. Eyni zamanda, Aşağı Muğan kanalının
1-ci qolunun, Baş Mil Muğan kollektoru ilə kəsişməsində olan
akvedukun su keçirmə qabiliyyəti artırılıb. Bunun üçün diametri
1220 mm olan 3-cü boru xəttinin keçirilməsi başa çatdırılıb.
Bununla da 11 kəndin 5 min hektara qədər əkin sahəsinin su təminatı
yaxşılaşdırılıb.

Saatlı Suvarma Sistemləri İdarəsinin balansında olan əkin
sahələri yeni əkin dövriyyəsinə daxil edilmiş torpaqlar hesabına bu
il artıb. Mövcud əkin sahələri ümumi uzunluğu 1400 km-dən artıq
olan suvarma kanalları, 2 min ədəddən artıq sayı olan hidrotexniki
qurğu, 61 ədəd nasos aqreqatı və köməkçi vasitələrlə suvarma suyu
ilə təmin edilir. Saatlı rayonu ərazisinin 17 min 856 hektara qədər
sahəsi mexaniki üsulla, nasos stansiyaları vasitəsi ilə suvarılır.
Bu iş isə 61 ədəd nasos aqreqatı olan 46 ədəd nasos stansiyaları
vasitəsi ilə yerinə yetirilir. Görülən işlər nəticəsində
fermerlərin əkin apardıqları sahələrə suvarma suyunun çatdırılması
asanlaşıb. Bu isə məhsuldarlığın artmasına səbəb olacaq.

Qeyd edək ki, Saatlıda suvarma mövsümü ərəfəsində 111
hidrotexniki qurğu, 7 ədəd su nasos stansiyası, 6 ədəd istehsalat
binası, 25 ədəd hidropost, 16 km nov kanal və 1.4 km beton kanal
cari təmir edilib. Kanallarda faşın hörgüsü vasitəsi ilə 700 kub
metr həcmində yamacbərkitmə işləri həyata keçirilib. Bundan əlavə
Saatlı rayonu ərazisində uzunluğu 374 km olan kollektor-drenaj
şəbəkəsində, 1376 kub metr mexanizmlə lildən təmizləmə işi görülüb.
Araz çayında nasos stansiyaların yanında 440 min kub metr məcra
təmizləmə işləri aparılıb. Eyni zamanda Aşağı Muğan, II və I Qol,
Sol Sahil və Sabir kanalları lildən təmizlənib.

Teqlər: