Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə
hazırlanmış Saatlı şəhərinin Baş planı Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli müvafiq qərarı ilə
təsdiq edilib.
Komitədən AzerTimes-a bildirilib ki, Saatlı şəhərinin sayca üçüncü
Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən
hazırlanıb. 2038-ci ilə qədərki dövr üçün nəzərdə tutulan yeni
sənəddə şəhər ərazisinin kompleks qiymətləndirilməsi və şəhərsalma
təhlili nəticəsində gələcək inkişaf istiqamətləri müəyyən
edilib.
Baş plana əsasən hesabat müddətinin sonuna qədər şəhər
əhalisinin 34,9% artaraq 26500 nəfərə çatması gözlənilir. Əhalinin
sayının artımı nəzərə alınaraq sakinlərin təhsil, səhiyyə, idman və
digər ictimai tələbatlarına əsasən yeni məktəb və bağçaların, tibb,
mədəniyyət və digər sosial obyektlərin yaradılması təklif edilir.
Həmçinin istismar müddətini başa vurmuş mənzil fondunun
yenilənməsi, adambaşına düşən ümumi yaşayış sahəsinin 22,5 m2-dən
25 m2-ədək artırılması nəzərdə tutulur. Şəhərin perspektiv iqtisadi
inkişafı və əhalinin məşğulluğunu təmin etmək üçün sənaye
ərazilərinin artırılması, yeni istehsalat zonasının
formalaşdırılması planlaşdırılır.
Sənəddə şəhərin əsas infrastrukturunu təşkil edən nəqliyyat və
mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi də
prioritet olaraq seçilib. Belə ki, əlverişli, rahat, sürətli və
təhlükəsiz nəqliyyat əlaqəsinin təmin edilməsi üçün vahid sistemin
formalaşdırılması, magistral küçə-yol şəbəkəsinin ümumi uzunluğunun
10,76 km-dən 17,91 km-ə çatdırılması nəzərdə tutulur.
O cümlədən əhalinin və qonaqların istirahəti, eləcə də iqlim
şəraiti əsas götürülərək rekreasiya ərazisinin yaradılması, mövsümi
istirahət üçün məkanların, məktəbli istirahət zonalarının təşkili
edilməsi təklif olunur.