İki gün əvvəl məşhur ukraynalı jurnalist Dmitri Qordonun Gürcüstanın keçmiş prezidenti Mixeil
Saakaşvili ilə müsahibəsi yayımlanıb. Saakaşvilinin müsahibələri hər zaman maraqlı olub. Qordonla olan müsahibəni isə son illərdə siyasi liderlərlə aparılan müsahibələr içərisində bəlkə də ən sensasiyalısı hesab etmək olar.
Qeyd edək ki, müsahibə Saakaşvilinin Stalinlə eyni gündə anadan olması və Saakaşvilinin buna münasibətilə başlayır. Saakaşvili Stalini onun qohumları ilə tanışlığı barədə danışır və bildirir ki, Stalin dövlət başçısı olandan sonra onu tanıyan ailələri sevmirdi, çünki onun keçmişi heç də parlaq olamyıb. Beriya haqqında isə qeyd edir ki, “şər dahisi” idi, amma hər halda Rusiyanı atom ölkəsi etdi.
“Stalini zəhərləyiblər?” sualına da Saakaşvilinin cavabı maraqlıdır: “Beriyaya məlum olub ki, bir neçə gündən sonra Stalin onu güllələtdirmək istəyib. Ona görə də, çox güman ki, onun ölümündə Beriyanın əli var.”
İkinci dünya müharibəsinə toxunan Saakaşvili qeyd edir ki, bir şər o biri şərə qalib gəlib, yəni, Hitlerlə Stalinin hər iksisni şər kimi dəyərləndirir.
“Zelenskinin hakimiyyətə gəlməyinə sevindinizmi” sualına “bəli” cavabını verən Saakaşvili bildirir ki, Poroşenko Ukraynanı “Putinləşdirmək” istəyirdi. “Poroşenko Putin olmaq istəyirdi, alınmadı.”
– Poroşenkonu bağışlamısınızmı?
– Mən kinli deyiləm, olsaydım, indi beli bükülmüş, saçı tökülmüş biri idim. Mən heç kimə qarşı kinli deyiləm. Mənə Poroşenkodan da artıq pislik edənlər olub. Mən kinli deyiləm.
– Zelenskinin ən böyük səhvi və ən böyük həqiqəti nədir?
– Onun ən böyük səhvi Putinlə razılaşacığına inanmasıydı. O, tez anladı ki, səhv edib.
– Ukraynanın Baş naziri olsaydın nə edərdin?
– Ukraynanı tez bir zamanda – 100 gündə dəyişmək olar. İndi hökümət var, işləyir… “Mimino”dakı kimi: ala bu sənə rənglər, bu da fırça, özün rənglə.
– Zelenskiyə Putinlə görüşməzdən əvvəl nə məsləhət gördünüz?
– Putin siyasətçi kimi söhbət etmir, o, “verbovka edir”. Biz ilk dəfə onunla 5 saat söhbət etdik. Rəsmi hissədən sonra kamin qarşısında söhbətləşdik. Dedi ki, bura Stalinin kabinetidi. Pencəyini çıxardı. Konyak gətirdi, çay içdik. Söhbətin sonunda fikirləşdim ki, mən onu kimə oxşadıram. Yadıma düşdü ki, bu, mayor Petrova oxşayır. Sərhəd qoşunlarında xidmət edirdim. Xüsusi şöbənin rəisi Petrov hər dəfə məni gecə saat 2-də çağırıb söhbət edirdi. Hər dəfə də istəyirdi ki, mən nəyəsə imza atım. Mən də imtina edirdim. Putin Petrova oxşayırdı. Məni “verbovka etmək” istəyirdi. Bu, böyük ölkənin başçısı ilə kiçik ölkənin başçısı arasında söhbət deyildi. İki siyasətçinin danışıqları deyildi. Mən “verbovka” seansında idim. Putin mənim zəif tərəflərimi öyrənirdi. İlk görüşdə çox mehriban və nəzakətli idi. Sonra onların hərbçiləri bizim polis işçilərinə qarşı terror aktı həyata keçirdi. Biz onları tutduq, sonra Avropa təşkilatlarına verdik. Bir müddətdən sonra Minskdə MDB ölkələrinin yığıncağında, fasilə zamanı o məni bir qaranlıq otağa çəkdi və dırnaqlarını birləşdirib dizimin üstünə vurdu. Göz-gözə sərt söhbətimiz oldu və o, məni müharibə ilə hədələdi. O, zarafat etmirdi.
– Dırnaqlarını batırdı?
– Hə, onun kimi bir şey.
– Doğrudanmı o, Sarkozini qalstukundan tutaraq, boğub?
– Hər halda Sarkozi buna bənzər əhvalat danışıb.
– Hətta boğub?
– Sarkozi onun yanından mənimlə görüşə gəldi və qorxmuş vəziyyətdə danışdı ki, Putin çox təhlükəli adamdır və zombiləşib. Mən fakt olaraq bunu deyirəm.
– O, təhlükəlidirmi?
– Deyilən qədər çox təhlükəli olmasa da, onunla ehtiyatlı olmaq lazımdır. O, ona görə təhlükəlidir ki, onun üçün heç bir mənəvi məhdudiyyət, dayanmaq prinsipi yoxdur. O, hesab edir ki, uğur qazanmaq üçün yeganə metod başqasını öldürmək, həbs etmək və dizini qırıb çökdürməkdir. Və mən az adamlardan biriyəm ki, açıq şəkildə öldürməklə hədələyib. Mən hələ sağam, amma o, telekameralar qarşısında, elə Sarkozinin özünə deyib ki, məni öldürəcək.
– “Xayasından asacam”ı da deyib?
– O sözü elə Sarkoziyə demişdi ki, mənə çatdırsın. Onun əsas məqsədi o idi ki, mənə göndərdiklərini imzalayım, əlbəttə ki, mən imzalamadım.
– “Xayasından asacam” hədəsini eşidəndə qorxdunuzmu?
– Onlar mənə sənəd göndərmişdilər, bilirdim ki, məni qorxudurlar, istəyirlər ki, mən kapitulyasiyaya imza atım. Yəni ölkəmin parçalanmasına imza atım. Vaxtilə Münhen sövdələşməsində olduğu kimi – Hitler Çexoslovakiyanın prezidentini yanına çağırmışdı və demişdi ki, qol çək, o da qoca adam idi, ürəktutması baş vermişdi. Sonra onu silkələyib ayıltmışdılar və imza atdırmışdılar. Mənim isə ürəyim möhkəm idi, dedim harda məni tapırsa tapsın, öz boyuna görə… Sarkozi də istəyirdi ki, mən imzalayım. O, deyirdi ki, sən bunu – 6-cı bəndi imzalamasan, sabah rus tankları oturduğun binanın qarşısında olacaq və səni öldürəcək. Sənin dostun Buş sənə kömək etməyəcək. Mənim də sənin üçün göndərəcəyim qoşunlarım yoxdur… Mən sözü olduğu kimi deyirəm. Dedim ki, gətirdiyin sənədi özünlə apar. Bizim razılaşmamız budur ki, qoşunlar çıxarılır, sülh olur. Yoxsa idbar bir sənədə – Gürcüstanın ərazisinin parçalanması sənədinə imza atmayacam. Mən heç vaxt imzalamaram. Və Çexoslovakiyanın prezidentini də tarixi misal kimi dedim ki, mən sizə Çexoslovakiyanın prezidenti deyiləm ki, sakitləşdirici verəsiniz. Mən özüm lazımdırsa, hamınıza sakitləşdirici verə bilərəm və bu sənədi imzalamayacam.
– Mərhum Nemtsovla söhbət zamanı mənə dedi ki, Putinlə münasibətiniz ona görə pozuldu ki, siz hamının yanında ona “liliputin” demisiniz.
– Qətiyyən belə deyil. Nemtsov özü deyirdi ki, rusiyalılar özü bunu yayırlar. Mən həmişə Putinə qarşı nəzakətli olmuşam. Hətta olub ki, o, ana söyüşünə keçib.
– Ana söyüşünə?
– Hə, az da olsa.
– O bunu da edir?
– Hə, MDB ayrıca klubdur. Orada hər şey olur…
– Sizcə, Putin bu müsahibənin özünə aid olan hissəsinə baxacaq?
– O, hər şeyə baxır. Mənə zəng edib deyirdi ki, bax, sən filan vaxtı, hansısa restoranda bu sözü demisən.
– Parisdə Normand formatında Zelenski Putini aldada bilibmi?
– Hər halda, Putin istədiyini ala bilmədi. Mən də o danışıqlarda vardım. Təsəvvür edirsiniz, mənə Baş nazirin müavini vəzifəsini təklif etmək onlar üçün necə bir zərbə idi? Necə bir isterika yaratmışdı? Hər halda, Zelenski Ukrayna xalqının düşmənlərinin xeyrinə heç nə imzalamayıb.
– Həmişə deyirsiniz ki, islahatları tez və sürətli şəkildə həyata keçirmək lazımdır. Demişdiniz ki, həbs etmək lazımdır. Ukraynada həbslər lazımdırmı?
– Əlbəttə! Kim oğurlayırsa, tutulmalıdır. Ukrayna oğruları əlahiddə deyillər ki.
– Prezident olanda siz bir çox dostlarınızı da həbs etmisiniz…
– Korrupsiya ilə məşğul olan hər kəsi, o cümlədən dostlarımı da.
Saakaşvili müsahibənin bu hissəsində Tbilisidə və Odessada rüşvət alan insanların həbs edilməsindən danışıb. “Ukraynada kim həbs olunmalıdır, soyadlarını deyə bilərsinizmi” sualına Saakaşvili “bu, bütöv bir legiondur”- cavabını verib.
Daha sonra onun prezidentliyi dövründə DİN naziri Vano Merabişvilinin yeddi il həbsdə qalmasından danışıb. Qeyd edib ki, ona Saakaşvilinin ofşor banklarda hesabı olduğunu demək təklif olunsa da, o, bundan imtina edib. Lakin Merabişvilinin bunu Saakaşvili üçün yox, özü üçün etdiyini deyən eks-prezident qeyd edib ki, Merabişvili sonradan güzgüdə özünə baxmağın əzabını çəkməmək üçün bu təkliflə razılaşmayıb.
Ukrayna iqtisadiyyatının pandemiya iləəlaqədar böyük fəlakətlə üzləşəcəyini də qeyd edən Saakaşvili buna hazırlıq görülmədiyini və ehtiyatların olmadığını vurğulayıb. Keçmiş prezident bu məsələ ilə bağlı “ekstremal tədbirlər görülməlidir” – deyə bildirib.
Daha sonra Nazarbayevin inauqurasiyasında Yeltsinlə söhbəti və Yeltsinin ondan bir yeşik “Kinzmarauli” şərabı istəməsini və dörd gündən sonra isə Rusiyada gürcü şərablarının satışının qadağan olunmasını xatırladan Saakaşvili, Yeltsinin ona bəzi etiraflarının olduğunu da söyləyib.
Sonra söhbət yenidən Putinin üzərinə qayıdır:
– Putinlə neçə dəfə görüşmüsünüz?
– Yəqin 30 dəfə, bəlkə də 40 dəfə. Putin gözlənilməz situasiyada özünü itirir. Necə ki, koronavirusda özünü itirdiyi kimi. Çəkilib bunkerə.
– Putinin sonu necə olacaq?
– Yaxşı heç nə gözlənilmir. İnsanlar eyni adamı görməkdən bezib. O, nə qədər istəyir turnikdə dartınsın, özünü müxtəlif formalarda təbliğ etsin. Mümkün deyil. Adamlar eyni şəxsi uzun müddət hakimiyyətdə görəndə bezir və nifrət edir. Mən hakimiyyətdə qalsaydım, Gürcüstan üçün çox şeylər olacaqdı. Gürcüstan zəngin olacaqdı, amma adamlar mənə nifrət edəcəkdi. İnsanlar eyni şəxsi görməkdən usanırlar.