Bir oliqarxın (Bidzina İvanişvili nəzərdə tutulur – red.) istəyi əsasında sabiq prezident Mixail Saakaşvili bütün dünyanın gözü qarşısında ölür.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanda səfərdə olan Polşa Seyiminin vitse-spikeri Malqorzat Qoşievska bildirib.
Polşa rəsmisinin sözlərinə görə, həbsdə saxlanılan sabiq prezidenti ziyarət etmək istəsə də, ona icazə verilməyib.
O əlavə edib ki, Avropa Parlamentinin Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsi barədə çağırışlarını sonunadək dəstəkləyir:
“Dünən müxalifət partiyalarının nümayəndələri ilə görüşdüm. Onların hər biri Gürcüstana namizəd statusunun verilməsini tam şəkildə dəstəkləyir. Bəyan etmək istəyirəm ki, bir oliqarxın təvazökarlığı, nifrət dili və Rusiya yönümlü əhval-ruhiyyəsinə görə bütün xalqı cəzalandırmaq olmaz. Buna görə də Avropa Parlamentinin Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edilməsinə çağırış barəsindəki qətnaməsini tam şəkildə dəstəkləyirəm. Beynəlxalq həkimlərdən ibarət qrupun Mixail Saakaşvilinin yanına buraxılmaması, onun müalicə üçün aparılmaması tamamilə barbar bir davranışdır. Polşa beynəlxalq platformalarda bir neçə dəfə Saakaşvilini qəbul etməyə hazır olduğunu bildirib”.
O deyib ki, hakimiyyət Saakaşvilinin müalicə olunmasına icazə vermir, bunun arxasında isə Rusiya ilə əlaqələri yaxşı bilinən oliqarx Bidzina İvanişvili dayanır.
Qeyd edək ki, Avropa Komissiyası Gürcüstana AB-yə namizəd statusu üçün müsbət rəy verməyib.