Ryazan vilayətində beş yaşayış məntəqəsi yanğın təhlükəsi altındadır. Hər yerdə şumlama işləri aparılıb, hər yerdə yanğından mühafizə tədbirləri həyata keçirilir.
AzerTimes xəbər verir ki, bunu Ryazan vilayətinin qubernatoru vəzifəsini icra edən Pavel Malkov deyib.
“Yanğına qarşı davamlı mübarizə aparılır, lakin xüsusilə nəzərə çarpan təhlükə olan yerlərdə sakinlər təxliyə edilib”, – o bildirib.
Malkov yanğınların qarşısını almaq üçün iki-üç gün, yanğının aradan qaldırılması üçün isə bir-iki həftə vaxt lazım olacağını deyib:
“Bəzi gözlənilməz hadisələr olmasa, yanğın 2-3 gün ərzində lokallaşdırılacaq və bir-iki həftə ərzində aradan qaldırılacaq. Hazırda yanğının söndürülməsinə ümumilikdə 9,5 mindən çox insan cəlb olunub. Fövqəladə Hallar Nazirliyi, Federal Meşə Təsərrüfatı Xidməti, regional, bələdiyyə xidmətləri və digər bölgələr kömək edir. Yeddi təyyarə, səkkiz helikopter ən gərgin ərazilərdə, ən problemli nöqtələrdə işləyirlər. Hazırda rayonda əsas aktiv yanğın 12 min hektara yaxın ərazini keçib, aktiv yanma sahəsi 180 hektara yaxındır. Son dərəcə əlverişsiz hava şəraitinə görə yanğın davam edir”.
Qeyd edək ki, Ryazan vilayətində ilk meşə yanğını avqustun 7-də başlayıb. Avqustun 17-də bölgədə baş verən təbii yanğınlar səbəbindən Moskva və Mərkəzi Federal Dairənin bəzi vilayətlərində yanğın və duman qoxusu yaranıb. Ryazan vilayətində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Rusiya Prezidenti Vladimir Putin Ryazandakı meşə yanğınlarının qarşısınını alınması ilə bağlı iclas çağırıb.