Rüşvət alan vəzifəli şəxsin məhkəməsi başlayır

Zərdab rayon məhkəməsinin vəzifəli şəxsinin vətəndaşı rüşvət
verməyə təhrik edib pulunu ələ keçirməsi faktı ilə bağlı Baş
prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət
Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin
istintaqı tamamlanıb.

Baş Prokurorluqdan AzerTimes-a
verilən məlumata görə, istintaqla Zərdab rayon məhkəməsində böyük
məsləhətçi vəzifəsində işləmiş Elçin Səmədovun vəzifədə işləyərkən
özünü məhkəmədə mülki iş üzrə qərar qəbul etmək səlahiyyəti olan
hakimlə guya yaxın əlaqəyə malik olan şəxs kimi təqdim edib
yaratmış olduğu inam və etibardan sui-istifadə edərək, həmin
məhkəmənin icraatında olan mülki iş üzrə ona müraciət etmiş
vətəndaşa köməklik edəcəyinə dair yalan vəd verməsinə, bu yolla da
2021-ci ilin may ayında xidməti otağında sonuncunun 5 min manat
məbləğində pul vəsaitini ələ keçirməsinə, həmçinin həmin
hərəkətləri ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı
şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Elçin Səmədova Cinayət
Məcəlləsinin 178.2.3 (dələduzluq-şəxs tərəfindən öz qulluq
mövqeyindən istifadə edilməklə törədildikdə) və 32.4, 312.1-ci
(rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə
cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq zamanı cinayət işi üzrə vurulmuş maddi ziyanın
ödənilməsi təmin edilib.

Teqlər: