Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı 8 noyabr Zəfər bayramı ilə bağlı Azərbaycan xalqını təbrik edib.
AzerTimes xəbər verir ki, təbrikdə deyilir:
“Əziz bacılar və qardaşlar!
Sizin hər birinizi milli qürurumuzun zirvəsi olan Zəfər günü münasibətilə təbrik edirəm. Vətən müharibəsində Azərbaycan xalqı cəmi 44 günə 30 il ərzində icra olunmayan BMT qətnamələri yerinə yetirdi, beynəlxalq təşkilatların quru bəyanatlarından daha üstün bir gücə malik olduğunu sübut etdi. Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda canını fəda edən minlərlə şəhidimiz “Torpaq uğrunda ölən varsa, Vətəndir” həqiqətini dünyaya bir daha sübut etdi. Şəhidlərimizin ruhu qarşısında bu gün bir daha baş əyirik, onların xatirəsi hər zaman sevgi və sayğıyla anılacaq. Bugünkü Zəfər Bayramımıza atılan ən şərəfli imza onların imzasıdır!
8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarixi gün, Böyük Qələbə Günü, 200 illik işğal və faciə tarixinə son qoyulduğu gündür! 2023-cü ilin sentyabrında bir günlük uğurlu antiterror tədbirləri ilə şanlı ordumuz Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA qoydu!
Zəfər bayramı bizim halal haqqımızdır! Zəfər bayramımız mübarək olsun!
Yaşasın Azərbaycan!”