Görkəmli yazıçısı, dramaturq, ssenarist, prodüser və
kinorejissor Rüstəm Məmmədibrahim oğlu İbrahimbəyov uzun sürən
xəstəlikdən sonra 2022-ci il martın 11-də 83 yaşında Moskva
şəhərində vəfat edib.
Trend xəbər verir ki, Rüstəm İbrahimbəyov 1939-cu il fevralın
5-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o,
Azərbaycan Neft və Kimya İnstitutunda, daha sonra isə Moskvada
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və
rejissor ixtisası üzrə təhsil alıb.
Bütün həyatını yaradıcılığa həsr edən Rüstəm İbrahimbəyov
Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda geniş tanınıb, onun
əsərləri böyük oxucu və tamaşaçı auditoriyasının rəğbətini qazanıb.
Rüstəm İbrahimbəyovun əsərləri əsasında 40-dan çox bədii film və
televiziya filmi, tamaşa çəkilib, “Urqa – məhəbbət dairəsi”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “Şərq-Qərb”, “Səhranın
bəyaz günəşi” və digər sənət əsərləri ona bütün postsovet məkanında
böyük populyarlıq qazandırıb. Rüstəm İbrahimbəyovun ssenari
müəllifi və rejissoru olduğu bir sıra filmlər beynəlxalq
festivallarda müxtəlif mükafatlara layiq görülüb.
Azərbaycan dövləti Rüstəm İbrahimbəyovun fəaliyyətini yüksək
qiymətləndirib. O, “Əməkdar incəsənət xadimi”, “Xalq yazıçısı”
fəxri adlarına, “Şöhrət”, III dərəcəli “Vətənə xidmətə görə”
ordenlərinə, Azərbaycan Respublikasının dövlət mükafatlarına layiq
görülüb.
Rüstəm İbrahimbəyovun cənazəsinin Azərbaycana gətirilməsi və
dəfni ilə bağlı dövlətimiz tərəfindən müvafiq tədbirlər
görülür.
Görkəmli yazıçı Rüstəm İbrahimbəyovun xatirəsi onu tanıyanların
qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin!