İrimiqyaslı əks-hücum Ukrayna hərbçiləri düşmənin ikinci müdafiə xəttinə daxil olduqdan sonra başlaya bilər.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.
O vurğulayıb ki, hər şey təkcə silah təchizatından asılı deyil, çünki tanklar və raketlər bütün problemləri həll etməyəcək:
“Müvafiq mühəndislik vasitələri yoxdursa, tank minalanmış sahədən keçməyə necə kömək edə bilər? Yaxud raket arxada yanacaq və sürtkü materialları olan anbarı məhv edərsə, eyni minalanmış sahədən keçməmizə necə kömək edə bilər?”
Ekspert bildirib ki, Ukrayna hərbçiləri ruslar tərəfindən maksimum minalanmış təhlükəsizlik zonasından keçdikdən sonra düşmənin əsas olan ikinci müdafiə xəttinə daxil olacaqlar:
“Artıq başqa problem olacaq. Minalar və səngərlərdən əlavə çoxlu sayda artilleriya, zirehli döyüş maşını, tanklar və digər texnikalar olacaq. Məntiqlidir ki, biz ikinci müdafiə xəttində əsas zərbə qruplarından istifadə etməyə başlayacağıq. Məhz orada daha irimiqyaslı hadisələr baş verə bilər”.