Ukraynanın Rusiya ərazilərinə soxulmaqla bağlı cəsarətli planı Moskvanı dəhşətə saldı. Ukrayna əsgərləri Kursk vilayətinin dərinliklərində ələ keçirilən yaşayış məntəqələrindən kadrları dərc edərək inamla irəliləyirlər.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms” nəşrinin hazırladığı materialda qeyd olunub.
“Ukraynalılar getdikcə daha çox yaşayış məskəni ələ keçirirlər. Kiyev generalları onların cəsarətli planının baş tutduğuna getdikcə daha çox əmin olurlar. Ukrayna Rusiyanı transsərhəd hücumu ilə heyrətə saldı. Gülümsəyən əsgərlərin videolarına baxsaq, onların əyləndiklərini görərik. Lakin əməliyyatın başlanmasından bir həftədən çox vaxt keçməsinə baxmayaraq, Ukraynanın son ambisiyalarının nə olduğu bəlli deyil”, – materialıda bildirilib.
Nəşr yazıb ki, Ukrayna Prezidenti Vladimir Zelenski nailiyyətlərini möhkəmləndirmək və ələ keçirdikləri Rusiya torpaqlarının bir hissəsini saxlamaq qərarına gələ bilər:
“Ya da geri çəkilib, başqa əraziyə hücumu seçə bilər. Niyə görə Ukrayna Rusiyaya hücum etməyə qərar verdi və Zelenski nəyə nail olmağa çalışır?”
“Tayms” bu il Ukraynanın dəhşətli dərəcədə əziyyət çəkdiyini, hətta ötən ay Kiyevdəki “Oxmatdet” uşaq onkoloji xəstəxanasının da vurulduğunu yazıb:
“Şəhərlərdə elektrik enerjisinin kəsilməsi müntəzəm xarakter alıb və apreldə Kiyevin ən böyük elektrik stansiyasının dağıdılması qarşıda soyuq və qaranlıq qışın olmasını göstərir. Donbasda cəbhə xəttində ukraynalı əsgərlər Rusiyanın atəş gücünə təslim olur, Xarkov isə bombalı hücumlara öyrəşib. Ancaq aylarla uğursuzluqdan sonra Rusiyanın kiçik irəliləyişləri ukraynalılara mənəvi təkan verdi. İki il yarım davam edən amansız müharibədən sonra ukraynalı əsgərlərin Rusiya sərhədini keçməsi ilə bağlı videogörüntülər əhval-ruhiyyəni artırıb”.
Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun hərbi elmlər üzrə direktoru Metyu Sevill bu hücumla Zelenskinin xalqlına və tərəfdaşlarına mesaj da göndərdiyini deyib:
“Almaniyanın uzaqmənzilli “Taurus” raketləri ilə bağlı müraciətləri rədd etməsi və ABŞ-ın seçkilərin başlanmasına az qalması ilə Ukraynaya yardımın gələcəyi qaranlıq olaraq qalır. Bu, Avropaya və ABŞ-a işarədir: “Biz qalibik, bizi dəstəkləyin. Daha çox silahımız olsaydı, daha çox belə hücumlar edə bilərdik”.