Ruslara “Laçın”da atəş açıldı: nəticəsi olacaq – Ağar

Ruslara “Laçın”da atəş açıldı: nəticəsi olacaq – Ağar

Ermənistan hələ də 44 günlük müharibənin travmasından və məğlubiyyətin yaratdığı əziklik sindromundan qurtara bilməyib. Ona görə də hər fürsətdə təxribat törətmə potensialları da yüksəkdir.

Bu sözləri AzerTimes-a son günlər dünən “Laçın” postunun atəşə tutulması haqqında danışan Türkiyənin terror və təhlükəsizlik məsələləri üzrə eksperti Abdullah Ağar deyib.

Ekspert qeyd edib ki, baş verən təxribatlar öz xarakterinə görə əvvəl də Qarabağ və sərhəddə qarşılaşdığımız təxribatlara çox bənzəyir və taktiki xarakter daşıyır:

“Hadisənin cənab Ərdoğanın Azərbaycan səfərindən bir gün sonra və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ilinin tamam olduğu gündə baş verməsi diqqət çəkən məqamdır. Digər tərəfdən Ermənistan ordusunun içində tərəflərin apardığı müzakirələrdən və müəyyən irəliləyişlərdən narahat olan, başqalarının dirijor çubuğu ilə hərəkət edənlərin təhriki ilə də sözügedən təxribatın törədilməsi mümkündür. Bütün hallarda rus sülhməramlıların da təxribat zamanı atəş altında qalması Rusiyanı Ermənistana qarşı daha sərt addımlar atmağa vadar edə bilər”.

Ağar Ukrayna müharibəsinə görə dünyanın bir çox qaynar nöqtəsində olduğu kimi, Cənubi Qafqazda da Qərb və Rusiya münasibətlərinin gərginləşmə ehtimalının yüksək olduğunu bildirib:

“Qeyd etmək istəyirəm ki, rus əsgərləri Suriyada da bir sıra kütləvi etirazlar və müxtəlif fiziki həmlələrə məruz qaldı. Ukrayna müharibəsinə görə yaranan qarşıdurma orada da ABŞ və Rusiya əsgərləri arasında gərginliyin artmasına gətirib çıxardı. Ortaya Ermənistanın da tədricən ABŞ və Qərbə doğru yönəlməsi fonunda Rusiya və rus sülhməramlılara qarşı antipatiyanın, kəskin münasibətin formalaşması ehtimalı çıxır. Bu da izlənilməsi vacib olan gerçəklik kimi qarşımızda durur. Çünki Ukrayna müharibəsi ABŞ, Avropa və Rusiyanın müxtəlif formalarda sövdələşmələr etdiyi sahələrə, məsələlərə də öz mənfi təsirini göstərməyə başlayıb. Bunlardan biri də Cənubi Qafqaz və Zəngəzur dəhlizi məsələsidir. Sözügedən sahələrdə parametrlərin, şərtlərin dəyişməsi gözləmədiyimiz, görməyə adət etmədiyimiz hadisələrlə qarşılaşmağımıza səbəb ola bilər. Ona görə də Türkiyə və Azərbaycan bütün növ ssenarilərə hər an hazırlıqlı və çox diqqətli olmalıdır”.

Teqlər: