Rusiya ordusu şəhəri ələ keçirmək və Ukrayna hərbçilərinin əsas təchizat xətlərindən sıxışdırıb çıxarmaq üçün aprelin əvvəlində Çasov Yar şəhərinə hücuma başlamışdı. Ruslar ümid edirdilər ki, şəhəri tutmaq çox vaxt və səy tələb etməyəcək, lakin Ukrayna hərbçiləri hər gün düşmən ordusunu Çasov Yardan mümkün qədər uzaqlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə “Forbes” yazıb.
“Bir vaxtlar 12 min nəfərin yaşadığı və az qala ölü şəhəri ələ keçirmək sayca üstün və daha yaxşı təchiz edilmiş rus ordusu üçün çox çətin olmamalı idi. Lakin hücumdan 10 həftə sonra Rusiyanın həmlələri dayandı. Ukrayna ordusunun son günlər şəhərin cənubundakı əks-hücumları Çasov Yarı mühasirəyə almağa çalışan rusları cənub dayaqlarından biri olan Kleşeyevkadan çıxarıb”, – məlumatda qeyd olunub.
Nərş bildirib ki, şəhəri bir neçə Ukrayna briqadası, xüsusən 41-ci və 67-ci mexanikləşdirilmiş, 56-cı motoatıcı, 5-ci hava hücumu, həmçinin 241-ci ərazi müdafiə briqadaları müdafiə edir:
“Bu qoşunların uğurlu işi Çasov Yarla bağlı rusların ümidlərini doğrultmadı. Şəhər nəhayət rus qoşunlarının əlindən çıxacaq”.
Məqalədə bildirilib ki, aprel ayında rusların şəhərə hücumu zamanı Ukrayna ordusunun ciddi sursat çatışmazlığı və hava hücumundan müdafiə problemi var idi:
“İki ay əvvəl Çasov Yardakı Ukrayna qarnizonu raketlərə qarşı o qədər zəif idi ki, Rusiyanın Su-25 təyyarələri bombalamaq üçün şəhərin cəmi bir neçə kilometrliyində uça bilirdi. Ukrayna ordusundakı bu cür problemlərə görə ruslar ilk hücumda uğur qazandılar. Döyüşlərin ilk bir neçə həftəsində Rusiyanın 1-ci Ordu Korpusu və ona bitişik birləşmələr Çasov Yardan bir neçə kilometr şimala və cənuba irəliləyərək, Kleşeyevka və İvanovskoyeni işğal etdilər. Lakin tezliklə vəziyyət xeyli dəyişdi, çünki ABŞ sursatları Ukraynaya gəlməyə başladı. Eyni zamanda ruslar da səhvə yol verdilər. Onlar şərqdə qüvvələrini gücləndirmək əvəzinə, mayın 10-da Ukraynanın şimalına hücuma başladılar və orada da tələyə düşdülər”.