Qarabağ bölgəsində baş verən atışma nəticəsində 5 nəfərin ölümündən sonra məlum oldu ki, Azərbaycan və Ermənistan çox çıxılmaz vəziyyətdədir. Azərbaycan Qarabağı işğal etməyib. Bu ölkə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə uyğun olaraq ona məxsus olan torpaqlarını geri alıb. Ona görə də dünya Azərbaycanın regionda olması ilə barışmalı və tərəflərə sülh sazişi bağlamağa kömək etməlidir.
AzerTimes xəbər verir ki, bunu İsrailin keçmiş rabitə və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara deyib.
“Qərb ölkələri Bakı ilə İrəvan arasında sülh yolu ilə nizamlanma üzrə danışıqlarda obyektiv olmalıdır. Hazırda regionda sabitliyin olmamasından əsas faydalananlar İran və Rusiyadır. Bəli, İran üçün Ermənistan ona sanksiyalardan yan keçməyə kömək edən əsas dayaqdır. Ermənistanın Azərbaycanla sülh bağladığı gün onun təcrid olunmuş ölkə olmaqdan çıxıb qonşuları ilə sülh şəraitində yaşayan firavan cəmiyyətə çevriləcəyi gün olacaq. Beləliklə, artıq İrəvanın Tehrandakı mollalara arxalanmasına ehtiyac qalmayacaq və onların marioneti rolunu oynamayacaq. Bu səbəbdən iranlılar Ermənistanla Azərbaycan arasında sülh prosesini pozmaq üçün mümkün olan hər şeyi etməyə çalışırlar”, – o bildirib.
Sabiq nazir bildirib ki, münaqişənin davam etməsi Ukraynadakı fiasko qarşısında Rusiyaya qlobal statusunu saxlamağa imkan verir:
“Beləliklə, ruslar Qarabağda sülhməramlı statusunu qoruyub saxlamağa çalışırlar və buna görə də Qarabağa qaçaqmalçılıq yolu ilə silah-sursatın keçirilməsinə icazə veriblər. Qafqazda sülhün bərqərar olması üçün əlimdən gələni edirəm. İrana, Rusiyaya və ya hər hansı digər dövlətə baş verənlərə təsir göstərməyə və həm azərbaycanlılara, həm də ermənilərə ziyan vuran münaqişəni qızışdırmağa imkan verməyəcəyəm. Bu, hər iki dövlətin xalqının anlamalı olduğu bir şeydir. Ona görə də son vaxtlar bu məsələdə çox açıq danışıram, Qarabağda sülhün əldə olunması üçün mümkün olan hər şeyi etməyə çalışıram. Sülh həm Azərbaycan, həm də erməni xalqına verilə biləcək ən gözəl hədiyyədir. Əvvəllər bu məsələdə konkret tərəf tutmaq istəmirdim. Çünki özümü qərəzsiz vasitəçi kimi göstərməyə çalışırdım. Amma İkinci Qarabağ müharibəsi başa çatdıqdan altı ay sonra Qarabağ bölgəsinə səfər edəndə və böyük dağıntıların şahidi olanda başa düşdüm ki, Ermənistan rəhbərliyi bu rayonu Qafqazın Xirosimasına çevirib. Qərb anlamalıdır ki, Qarabağdakı ermənilər üçün ən yaxşısı onların bu ölkənin bərabərhüquqlu vətəndaşları kimi Azərbaycan cəmiyyətinə inteqrasiyası, həmçinin Azərbaycanla Ermənistan arasında sülhün olmasıdır. Beləliklə, insanlar artıq mina partlayışına məruz qalmayacaq, şəhərlər, qəsəbələr, kəndlər bərpa olunacaq, Qarabağ yenidən turizm mərkəzinə çevriləcək. Lakin bunun baş verməsi üçün biz Rusiya sülhməramlılarının göz yumduğu silah qaçaqmalçılığını pisləməli və Azərbaycanın buna son qoymaq istəyinə rəğbət bəsləməliyik. Silah qaçaqmalçılığı sülh sazişinin imzalanmasına böyük maneədir.
Bu səbəbdən İsrailin keçmiş naziri kimi ermənilərin Laçın yolu boyunca həyata keçirdikləri silah qaçaqmalçılığını qətiyyətlə pisləyir və son itkilərə görə dərin təəssüf hissi keçirirəm. Mən dua edirəm ki, tezliklə Qafqazda sülh olsun. Qarabağ silahlarla deyil, güllərlə, ağaclarla, fermalarla, gözəl kəndlərlə zənginləşsin”.