Rus hərbçiləri Baxmutdan cənuba doğru irəliləyiblər. Ancaq onların uğurlar haqqında dedikləri həqiqətə uyğun deyil, çünki onsuz da şəhəri mühasirəyə ala bilməyəcəklər.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
“Geolokasiya görüntüləri rusların Baxmutdan təxminən 15 kilometr cənub-qərbdə yerləşən Ozaryanovka kəndini ələ keçirdiklərini göstərir. Rusiya mediası isə artıq elan edib ki, guya onlar şəhərə yaxın daha bir neçə kəndi- Kurdyumovka, Kleşçiyevka, Andreyevka, Zelenopolye, Podqorodoyeni ələ keçirə biliblər. İşğalçılar “uğurlarından” danışaraq, Baxmutu “mühasirəyə ala biləcəklərinə” sevinirlər. Ancaq bu cür ifadələr həqiqətə uyğun deyil. Hazırda bu iddiaları dəstəkləmək üçün açıq mənbələrdən heç bir dəlil yoxdur. Rusiya mənbələri oktyabr ayından bəri davam edən informasiya əməliyyatı çərçivəsində Baxmut ətrafında müvəffəqiyyətlə bağlı yalan iddiaları fəal şəkildə yayır”, – məlumatda deyilib.
Qeyd olunur ki, ruslar dedikləri kəndləri həqiqətən də ələ keçirə bilsələr də, bu, Ukrayna ordusu üçün vacib olan Baxmut-Seversk və Baxmut-Konstantinovka mühüm magistral yollarına hələ də təhlükə yaratmır:
“Qərb və şimal kəndlərindən Baxmuta aparan başqa yollar da var”.