Rusiyaya yardım edən İrəvanın cəzasızlığı…

Rusiyaya yardım edən İrəvanın cəzasızlığı…

Əlbəttə ki, sanksiyaların pozulmasına görə müəyyən cəza mexanizmləri mövcuddur. Lakin bu cəza mexanizmləri təəssüflər olsun ki, əksər hallarda törədilən əməllərə adekvat olmur.

Bu sözləri AzerTimes-a Ermənistanın Rusiyaya sanksiyalardan yayınmasına kömək etməsinə baxmayaraq, cəzasız qalması haqqında danışan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin baş elmi işçisi Orxan Bağırov deyib.

Ekspert AB üzvləri arasında bəzi dövlətlərin Rusiya ilə sıx əlaqədə olduğunu, sanksiyalardan yayınmaq üçün Ermənistan kimi ölkələrdən istifadə etdiklərini bildirib:

“Örnək üçün demək istəyirəm ki, ABŞ-ın Maliyyə Nazirliyi öz hesabatlarına sanksiyaların dəlinməsində iştirak edən dövlət, şirkət və ayrı-ayrı şəxslərin adlarını daxil edir. Beləliklə, sanksiyadan yayınmağa kömək edənlərin özləri də sanksiyaya məruz qalır. Məsələn, bu yaxınlarda dərc olunan növbəti sənəddə müxtəlif şirkətlərlə yanaşı, Ermənistandan yalnız bir şirkətin – “Taco LLC”-nin adı var. Sözügedən şirkət birbaşa Rusiyaya hərbi texnologiyalarla bağlı ehtiyat hissələri satır. Ermənistanda çoxlu sayda elektronika məhsullarının idxalı və paralel şəkildə Rusiyaya ixracı kəskin şəkildə artıb. Bu isə prosesdə yalnız bir yox, bir neçə şirkətin iştirakını təsdiqləyir. Bu şirkətlərin əksəriyyəti Rusiya ilə sıx bağlıdır.

Qərbin Ermənistanı cəzalandırmamasının digər bir səbəbi AB ölkələri arasında da fikir ayrılıqlarının olmasıdır. Bəzi ölkələrin Rusiya ilə ciddi iqtisadi əlaqələri var, lakin Qərb blokunda olduqları üçün məcburi şəkildə sanksiyalara qoşulurlar. Bu da ölkə iqtisadiyyatına mənfi təsir göstərdiyi üçün Ermənistan kimi dövlətlərin üzərindən Rusiya ilə ticarəti davam etdirirlər. Qarşılığında Ermənistana maliyyə yardımı etmiş olurlar və cəzasızlıq meydana gəlir”.

Orxan Bağırov Azərbaycanın təbliğatı gücləndirməklə Ermənistan üzərində beynəlxalq təzyiqin artmasına nail ola biləcəyini qeyd edib:

“Biz bu məsələdə daha çox təbliğatla məşğul olmalıyıq. Yəni xarici dillərdə araşdırmalar dərc edilməlidir, Ermənistana qarşı münasibətdə ikili standartlar ABŞ və AB ölkələrinin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların, digər nümayəndələrin diqqətinə çatdırılmalıdır. Qeyd etmək yerinə düşər ki, ən son “Nyu York Tayms”qəzetində də ABŞ-dan Ermənistana və Ermənistandan Rusiyaya mikroçip ixracının kəskin artmasından bəhs edilib. Belə məşhur KİV-lərdə baş verən qanunsuzluqlar öz əksini tapdıqca, təbliğat gücləndikcə, Qərb də təzyiqlər qarşısında Ermənistana münasibətdə daha qəti addımlar atmalı olacaq”.

Teqlər: