Avropa Birliyi Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyaların 12-ci raundu üzrə müzakirələrə başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, sanksiyalar paketinə Rusiyadan almaz alışının dayandırılması da daxildir:
“Müzakirələrdən xəbərdar olan insanların fikrincə, gələn ay təqdim oluna biləcək yeni tədbirlər Rusiyanın dondurulmuş mərkəzi bank aktivlərindən əldə edilən mənfəətin Kiyevə kömək etmək üçün istifadə edilməsi ilə bağlı çoxdan gözlənilən təklifi özündə ehtiva edə bilər”.
Mənbələr bildiriblər ki, Polşa və Baltikyanı ölkələr də daxil olmaqla bir qrup AB üzvü dövlət daha da irəli getmək istəyir. Agentliyin həmsöhbətlərinin sözlərinə görə, onların yeni təklifdə görmək istədikləri tədbirlər arasında LNG (mayeləşdirilmiş təbii qaz – red.) və İT xidmətləri ilə bağlı əlavə sanksiyaların tətbiqi də var.
Avropa Birliyi də Rusiyanın nüvə sektoruna məhdudiyyətlər qoymağa çağırır. Lakin bu cəhdlər dəfələrlə əksər üzv ölkələrin müqaviməti ilə üzləşib. Bəzi ölkələr faktiki olaraq heç bir sanksiyaların qalmadığını deyir və mövcud məhdudiyyətlərin tətbiqinə çağırır.
Yeni tədbirlər paketi oktyabrın birinci yarısında qəbul oluna və ya gələn aya planlaşdırılan, tarixi hələ müəyyən edilməmiş AB-ABŞ sammiti zamanı elan edilə bilər.
Agentlik qeyd edir ki, yeni tədbirlər paketi, ehtimal ki, Rusiyanın Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə kimi üçüncü ölkələr vasitəsilə AB sanksiyalarından yan keçmək imkanlarını məhdudlaşdırmaq üçün əlavə addımları da əhatə edəcək.