İqtisadi faktor. Sanksiyalar
2022-ci ilin nəticələrinə görə, Rusiyaya “dost olmayan ölkələr” tərəfindən idxal həcmi 47% azalıb. Rusiya üçün əsas idxalçı ölkələr böyük sürətlə idxal həcmini endirməyə davam edirlər, rəqəmlərə diqqət yetirək:
Böyük Britaniya – 85%;
ABŞ – 84%;
Avropa İttifaqı – 51%;
Yaponiya – 40%.
İxraca gəlincə, Rusiyanın büdcəsi əsasən neft-qaz satışından formalaşır və Qərbin bu sahədə tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına güclü zərbə vurur. Rusiyanın 2023-cü ilin birinci rübündə neft ixracından əldə etdiyi gəlirlər (39 milyard dollar), 2022-ci ilin son rübündə əldə etdiyi gəlirlərlə (54.5 milyard dollar) müqayisədə 30% azalıb. Gəlirlərin azalmasının 2 əsas səbəbi var: ixrac həcminin azalması və rus neftinin qiymətinə qoyulan tavan. Bunlar, AB-nin Rusiyadan neft idxalına embarqonun və başqa ölkələr (əsasən Çin və Hindistana) üçün rus neftinə qiymət limitinin tətbiqi nəticəsində baş verib.
Sanksiyalar vasitəsilə Qərb ölkələri Rusiyaya təzyiq etməyə davam edir, may ayında Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların 11-ci paketi üzrə ciddi işlər görəcək. Bundan əlavə fərdi qaydada ABŞ, Böyük Britaniya, Kanada və Yaponiya yeni sanksiyaların tətbiqinə hazırlaşır.
Hərbi-siyasi faktor
Rusiyanın müharibə aparmaq üçün çox ciddi resurs ehtiyatına ehtiyacı var. Hərbi faktora gəlincə, söhbət ilk növbədə canlı qüvvə resursları və texnikadan gedir. Priqojinin son isterikası (Priqojinin vaqnerçilərin cəsədləri fonunda silah-sursat çatışmazlığından şikayətlənərək Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin ünvanına təhqirləri nəzərdə tutulur) göstərir ki, silah-sursat çatışmazlığı Rusiya ordusu üçün çox böyük problemə çevrilib və onların canlı qüvvələrdə itkiləri sürətlə artmağa davam edəcək. “Vaqner” tükənir, Pentaqonun verdiyi məlumata əsasən, Rusiya xüsusi təyinatlılarının 95% (!) məhv edilib. Ağır itkilərin fonunda yeni səfərbərliyə hava-su kimi zərurət yaranır. Bu nə dərəcədə mümkündür?
Bu gün Rusiyanın yenidən 300-400 min nəfəri səfərbər etməsi olduqca mürəkkəb məsələdir. Səfərbər olunanları geyindirmək, silahlandırmaq, təlimlərdən keçirmək lazım olacaq, bunlar isə təbii ki, resurs tələb edir. Həm də nəzərə almaq lazımdır ki, keyfiyyət baxımından hər növbəti səfərbərlik dalğası nəticəsində səfərbər olunanların motivasiyası daha aşağı olur. Səfərbərlik isə hər zaman cəmiyyətdə gərginlik dərəcəsini artıran faktor olub, bu gərginlik öz növbəsində genişmiqyaslı immiqrasiyaya təkan verir.
Rusiyanın hazırda üzləşdiyi ən böyük problem silah-sursat çatışmazlığıdır. Sanksiyalar səbəbindən Rusiya Qərbdən silahların istehsalı üçün lazım olan texnologiyaları əldə edə bilmir və HSK-nin (hərbi-sənaye kompleksi) silah-sursat istehsalı kəskin azalıb. Biz bu tendensiyanı Rusiyanın Ukraynaya raket hücumlarının intensivliyindən (zərbələr arasında zaman intervalı və kütləvi zərbələr zamanı atılan raketlərin sayı nəzərdə tutulur) və cəbhə boyu yaşanan “mərmi aclığı”ndan görə bilərik. Həm də Rusiyanın İran, Çin, Şimalı Koreya və hətta Afrika ölkələrindən silah-sursatların istəməsi ciddi göstərici sayılır.
Qeyd olunan faktorları nəzərə alaraq, Qərb kəşfiyyat qurumlarının gəldiyi qənaətlə razılaşmaq olar. Qərb kəşfiyyat qurumları hesab edir ki, müharibə aparmaq üçün Rusiyanın resursu maksimum 1-1.5 ilə bəs edəcək. Amma bu o demək deyil ki, müharibə məhz 1-1.5 ilə bitəcək, daha tez bitməsinin ehtimalı heç də az deyil və bu məsələdə həlledici faktor Ukrayna Silahlı Qüvvələrinin bu yaxınlarda start verəcəyi genişmiqyaslı əks-hücumu olacaq.