Rusiyanın Xankəndi hiyləsi: 30 min erməniyə pasport…

Rusiyanın Xankəndi hiyləsi: 30 min erməniyə pasport…

Ötən gün Musavat TV-nin efirində millət vəkili Elman Nəsirovla ReAL-ın icraçı katibi Natiq Cəfərlinin Rusiyanın Xankəndidə konsulluq açmaq istəyi ilə bağlı mümkün təhlükə, narahatlıq və ehtimallarla bağlı olduqca maraqlı debatı baş tutdu.

Hər şeydən öncə debatın intellekti, iqtidara opponentlik edən şəxsin (Natiq Cəfərli) xarici siyasətdə hakimiyyətə birmənalı güvənməsini açıq şəkildə ifadə etməsi, bu vicdanlı yanaşmadan doğan qarşılıqlı sayğını mütləq vurğulamalıyıq. Debatda həm də maraqlı o idi ki, hakimiyyətin mövqeyini ifadə edən Elman Nəsirov da Rusiyanın Xankəndidə konsulluq istəyi ilə bağlı mümkün narahatlıqlarını gizlətmirdi. Milli məsələlərdə bu qədər həmrəylik, birlik, hər kəsin eyni istiqamətə baxması, qarayaxmadan uzaq, geosiyasi reallıq çərçivəsində qiymətləndirmələr qürurvericidir.

Bu, qalib Azərbaycanın daxilindəki siyasi düşüncə tərzində inqilabi yenilikdir: müxalif düşüncəli şəxslər belə milli məsələlərdə dövlətə tam, birmənalı güvənir, eyni zamanda, təhdidləri də görür, real, praqmatik addımların necə ola biləcəyini hesablayır, mümkün güzəşt zərurəti zamanı ehtimali zərbələri hesablamağa və proseslərə dəstək olmağa çalışır. Başqa cür desək, ən pis ssenarilər, cəmiyyəti narahat edən hər bir detal xatırladılır, münasibət bildirilir və s.

Bu xoş təəssüratın ardınca ictimai narahatlıq yaradan və debatda ciddi şəkildə müzakirə edilən bəzi nüanslara qayıdaq. Əsas narahatlıq Rusiyanın Xankəndidə Baş Konsulluq açmasından sonra ora Rusiya vətəndaşı olan ermənilərin ora yerləşdirilməsi cəhdidir.

Natiq Cəfərlinin iddiasına görə, işğal zamanı Rusiya Qarabağ ermənilərindən 30 min nəfərə rus pasportu verib. Ermənistana könüllü köçən bu şəxslərdən 12 mini vətəndaşı olduğu ölkəyə – Rusiyaya gedib. Konsulluğun açılacağı halda Rusiya vətəndaşı olan o ermənilərin Xankəndiyə qayıtmasının təmin edilməsi tələbi aktuallaşa bilər.

Elman Nəsirov da bu informasiyanı (30 min rus pasportu) dəstəklədi – əlbəttə öz arqumentləri ilə.

Məsələ ondadır ki, əvvəla, işğal zamanı Rusiyanın Qarabağda rus pasportu payladığı haqda ara-sıra məlumatlar yayılsa da, bunların heç biri təsdiq olunmayıb, hətta təkzib edilib. Üstəlik bu rəqəmin 30 min olması barədə də heç bir mənbə tapmaq mümkün deyil.

İkincisi, əgər məsələ hüquqi müstəvidədirsə, onda həmin ermənilərin Rusiya vətəndaşı olması ilə bağlı “prosedur” gündəmə gətiriləcək: onlar rus vətəndaşlığını necə alıblar, hansı şərtlərlə verilib və s. Rusiya vətəndaşlığı almaq üçün tələblər var. Xankəndidə yaşayan erməni hansı qanunla rus pasportuna sahib olub?

Üçüncüsü, Rusiya vətəndaşı olan şəxsin Xankəndiyə yerləşməsini Azərbaycan necə qəbul edə bilər ki? Hüquqi baxımdan mümkünsüz prosesdir və heç bir perspektivi yoxdur.

Dördüncüsü, Ermənistana köçən ermənilərin mümkün qayıdışını Ermənistan Baş naziri Nikol Paşinyan qətiyyətlə istisna edir və bu da öz maraqlarına görədir. Çünki Ermənistana və yaxud Rusiyaya köçən ermənilərin Xankəndi və ətrafına qayıdışı məsələsi aktuallaşarsa – ki onda həmin şəxslər Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər – 300 mindən çox azərbaycanlının Ermənistana qayıdışı birmənalı olaraq qarşısıalınmaz tələbə çevriləcək. Bu “güzgü tələbi” isə Ermənistanın qorxulu röyasıdır: 300 mindən çox Azərbaycanlının Göyçəyə, Dərələyəzə, Mehriyə, Qafana… qayıtması faktiki olaraq o ərazilərin etnik tərkibini tam olaraq dəyişəcək. Çünki ən son məlumata görə, Göyçə və Qərbi Zəngəzurda 60 mindən bir qədər çox erməni yaşayır. Üstəlik, Xankəndiyə mümkün köç zamanı azsaylı erməninin Ermənistanla bütün mümkün əlaqəsi dövlət qurumlarının birbaşa nəzarəti altında olacaq – çünki onların məskunlaşacağı ərazi ilə Ermənistan sərhəd deyil; Ermənistana köçən azərbaycanlılar isə birbaşa sərhədimizdə olacaqlar. Paşinyan məhz buna görə ermənilərin Xankəndi və ətrafına qayıtmasına qarşı qətiyyətlə çıxır.

Beşincisi, Ermənistan, o cümlədən Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə elan edib, Qarabağda separatizm məhv olub, keçmiş vilayətin inzibati ərazi sərhədi artıq yoxdur, status cəhənnəmə gedib, Qarabağ tamdır və orda azərbaycanlıların sayı məskunlaşmadan sonra bir neçə yüz min olacaq – Şərqi Zəngəzurla birgə 800 minin üstündə olan bir rəqəmdən söhbət gedir. Yəni separatizm üçün heç bir şərait yoxdur.

Altıncısı, Şuşa Bəyannaməsi ilə Türkiyə Azərbaycanın ərazi bütövlüyünün qarantına çevrilib, Azərbaycan Ordusu Türkiyə modelinə keçidini demək olar ki, tamamlayıb, ordularımızın birgə əməliyyatı üçün heç bir maneə qalmayıb: nə hüquqi, nə texniki-baza, nə koordinasiya. Hər hansı mümkün təhlükə zamanı Türkiyə artıq beynəlxalq hüquqa uyğun olaraq Azərbaycana ordusu ilə dəstək vermək səlahiyyəti qazanıb.

Yaxın və uzaq perspektiv üçün mükəmməl strategiyalar da hazırlanıb və addım-addım həyata keçirilir – bura türk dövlətlərinin iqtisadi inteqrasiyası, siyasi yaxınlaşmalar və s. daxildir. Bu prosesin geridönməz olduğunu ehtimal etmək üçün tam əsaslar mövcuddur.

Bütün bunların üzərinə debat zamanı hər iki tərəfin ortaq qənaətini də daxil edək: İlham Əliyev milli məsələlərdə heç vaxt güzəşt etmir və nəyi nə vaxt necə edəcəyini bilir!

Teqlər: