Rusiyanın tənqidinə riyakar Simonyanın “Bakı cavabı”

Rusiyanın tənqidinə riyakar Simonyanın “Bakı cavabı”

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin Ermənistana ünvanladığı tənqidlərdən “təəccüblənib”.

AzerTimes xəbər verir ki, bu barədə o, Ermənistan parlamentindəki çıxışında KTMT PA-nın 19 dekabrda baş tutacaq iclasına getməməsinə görə Rusiya XİN-in tənqidlərinə cavabında deyib.

“Hələ həll olunmamış məsələlər və yerinə yetirilməmiş öhdəliklər olduğu üçün görüşdə iştirak etməyin mənası yoxdur. Biz yalnız Ermənistanla bağlı bəyanatlar və tənqidlər eşidirik”, – o deyib.

Onun sözlərinə görə, 2020-ci il 9/10 noyabrdan etibarən Azərbaycan Rusiyanın müttəfiqi kimi özünü bir neçə dəfə heç də “ən yaxşı tərəfdən” göstərməyib. Nümunə olaraq Simonyan “rus əsgərlərin öldürülməsi”, həmçinin daxili razılaşmalar da daxil olmaqla, razılaşmaların və üçtərəfli bəyanatın müddəalarının pozulmasını göstərib:

“Azərbaycan bizim regionda istədiyini etdi, Rusiya buna ya sadəcə reaksiya vermədi, ya da bacarmadı”.

Simonyan xatırladıb ki, Ermənistan Ukraynaya humanitar yardım göndərəndə Rusiya tərəfi hay-küy salıb, Azərbaycan isə bunu bir neçə dəfə edib:

“Ancaq biz bu məsələ ilə bağlı “ədalətli” Rusiya Xarici İşlər Nazirliyindən bir kəlmə də (Bakıya qarşı – red.) eşitməmişik”.

Onun sözlərinə görə, Rusiya Federasiyası, təəssüf ki, Ermənistan məsələsində çox ağrılı reaksiya verir, lakin Azərbaycan məsələsində pis oyunda simasını saxlamaq üçün ya çox şeyin fərqinə varmır, ya da özünü göstərmir.

Qeyd edək ki, Simonyan, Azərbaycandan fərqli olaraq, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi siyasi, hərbi və iqtisadi bloklarda (KTMT, Aİİ və s.) təmsil olunduğunu riyakarcasına “unudur”. Həmçinin yaddan çıxarır ki, Ermənistanın Metsamor AES də daxil olmaqla, bütün enerji infrastukturu Rusiyanın əlindədir, təbii qazı isə Rusiyadan su qiymətinə alır.

Hazırda Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyardı keçib (10 ayın nəticələrinə görə) və məhz Rusiyanın sayəsində Ermənistanda adambaşına düşən ÜDM kəskin şəkildə artıb, ölkəyə külli miqdarda vəsait daxil olur. Ermənistan kimi kiçik ölkənin Rusiyaya ixracı ilk dəfə olaraq idxalı üstəliyib və müsbət saldo qeydə alınıb. Rusiya şirkətləri Ermənistanda filiallar açmaqla, bu ölkədə işsizlik problemini də həll edir və s.

Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi bu ilin 10 ayında 3,4 milyarda yaxın olub: bunun 961 milyon dolları ixracın, 2,4 milyardı isə ixracın payına düşür. Yəni faktiki olaraq Rusiya Azərbaycandan 10 ayda 1,5 milyard dollar xeyir götürüb – Ermənistanda isə bu rəqəm əksinədir.

Azərbaycan Ukraynaya humanitar yardım edirsə, öz sərvətindən edir, Ermənistan isə Rusiyadan qazandığı milyardlardan yardıma verir ki, bu da təbii olaraq, Rusiyanı qıcıqlandırır.

Teqlər: