“Şanlı Ağa Məhəmməd”. Türk-Qızılbaş xanədanı olan Qacarlar sülaləsinin hökmranı Ağa Məhəmməd şahı A.S.Puşkin “Ərzuruma səyahət” əsərində bu cür adlandırır. Sovetlər dövründə Şah Qacarı “qaniçən”, “türk düşməni”, “işğalçı” adlandıran yazıçı və alimlər uzun illər türk tarixinə olan hücumların bir parçası olan tarixi şəxsiyyətləri gözdən salmaq planların arxasında ermənilər olduğunu bəlkədə bilməyiblər.
Tarix elmində yeni sənədlərin aşkar olunması 70 ildən çox səsləndirilən yalanların üstünü açır. Belə yalanlardan biri də Ağa Məhəmməd şah Qacarın Şuşada öldürülməsi barədə saxta məlumatlardır. Bu qətlin arxasında bir gün sonra öldürüləcək 4 nəfərin – Məmməd xan Batmanqılınc, Sadıq xan Şəqaqi, Abbas bəy və şahın qulu Səfərəlinin olması uzun zamandır tariximizdə yazılır. Qətlin bu 4 nəfər tərəfindən icra edilməsi bəllidir, lakin qətlin həyata keçməsində Rusiya və onlara xidmət edən ermənilərin durması barədə əsl həqiqətlər gizlədilib. Nadir şah Əfşara sui-qəsd, ardınca ikinci böyük türk hökmdarı Qacarın qətlini qətiyyən təsadüf saymaq olmaz.
O dövrdə Rusiya imperiyasının əsas məqsədi Qacar qoşunlarını Cənubi Qafqaza, o cümlədən də Azərbaycanın şimalına buraxmamaq, mühüm hərbi-strateji əhəmiyyətə malik olan Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarını ələ keçirməklə Türkiyə və İran sərhədlərində keçilməz sədd yaratmaq idi. Bunun üçün variantlardan biri “erməni dövləti” ideyası idi. Rus tarixçisi P.İ.Kovalevski özü etiraf edirdi ki, Qafqazı işğal etməyə göndərilən P.D.Sisianova öz hərbi planlarının həyata keçirilməsində ermənilərə xüsusi diqqət və qayğı ilə yanaşmaq, onları müdafiə və onlardan istifadə etmək tapşırılmışdı.
Şah Qacar İngiltərədən daha çox Rusiyanı düşündürdü. Bunun üçün Rusiya Qacar sarayında öz adamlarını yerləşdirdi. Bu adamlardan biri Sadıq xan Səqaqi idi. İlk zamandan Sadıq xan Qacar xanədanına qarşı silahlı mübarizə aparırdı. O, 1790-cı ildə Qacar ordusuna döyüşdə uduzandan sonra Qarabağa çəkilmişdi. Burada İbrahimxəlil xan Cavanşirə pənah aparmış, xanın vəziri Molla Pənah Vaqiflə dostlaşmış və onun sayəsində xanın Qacara məktub yazmasına və bağışlanmasına nail olmuşdu.
Sadıq xan da vəzir Vaqif kimi Rusiya meyilli insan idi. Onların gizli yazışmaları var idi. Gizli yazışmaları ermənilər daşıyırdı. Hətta ermənilərə vəd verilmişdi ki, onların məlikliyinə xüsusi səlahiyyətlər veriləcək. Dəfələrlə Molla Pənah Vaqif məclislərdə Osmanlı sarayından daha çox Rusiyadan dəstək alınaraq İrana qarşı müdafiə olunmağı təklif etmişdir. O, Osmanlı sarayı ilə yazışmaları, digər vəzir Mirzə Əliməmməd xanın İstanbuldan “yox” cavabı ilə gəlməsini əsas tutaraq, Rusiyanın himayəsinə keçməyi ən çox müdafiə edən şəxs idi.
Sadıq xanın yazışdığı Rusiya ordusunda Pyotor Stepanoviç Kotlyarevski idi. Kotlyarevski Azərbaycanda qalmağı və buranı təkbaşına idarə etməyi çox arzulayırdı. V.Zubova yazdığı məktubda: “Arzum burada qalmaq, çara olan böyük sədaqətimi nümayiş etdirməkdir, xahiş edirəm nəzərə alasınız” deyən Kotlyarevski bunun üçün xanlqıları məhv etmək, İran və Osmanlı saraylarını bu regiondan uzaq tutmaq istəyirdi.
Sadıq xanı və Molla Pənah Vaqiflə yazışan Kotlayerski rus himayəsi altında Qarabağın inkişaf edəcəyini və sonradan da İranda Sadıq xanın hökmran olması vədini verirdi. Sadıq xanın ona olan məktublarının birində yazılır: “General Kotlyarevski, biz sizin humanist biri olduğunuza əminik və inanırıq ki, həşəmətli Çar bizi əsla unutmayacaq və verilən vədlərə əməl olunacaq” (Акты, собранные Кавказскою Археологическою Комиссиею. Том 7. Издан под редакциею Ад.Берже.Тифлис, 1878 г., 995 с., с. 481.)
Kotlyarevskinin ona cavab məktubunda yazılır: “Əlahəzrət Çarın diqqəti üzərinizdədir. Siz Çara sadiq olduqca, onun himayəsindən yararlana bilərsiz. Bunun üçün Qacarların bura yürüş etməsinin qarşısı alınmalıdır. Çalışın, o saraya daxil olun və tapşırıqları gözləyin” (“Русская старина”. Ноябрь 1894 г).
Bundan sonra Sadıq xan Ağa Məhəmməd şah yenidən Azərbaycana qoşun çəkdiyi zaman onun dəstəsinə daxil olmuş, tədricən etimad qazanmış və hətta onun bacarıqlı komandirlərindən birinə çevrilmişdir. Ağaməmməd şah xanlıqların Rusiya ilə gizli anlaşmaya getməsini eşidəndə qəzəblənir və dərhal 85 minlik qoşunla Şimali Azərbaycana yürüşə başlayır. Onun Qarabağ və digər xanlqıları işğal etmək planı ilk illərdə yox idi. Ümid edirdi ki, xanlıqlar xaçpərəstlərlə iş birliyinə getməz. Lakin Rusiya ilə onların yaxınlaşması barədə kəşfiyyat ona məlumat gətirəndə dərhal hücuma başlamaq qərarına gəlir. 1797-ci ilin ilk baharında Ağa Məhəmməd şah güclü ordu ilə növbəti səfər Qarabağ istiqamətində hücuma keçir.
İbrahim Xəlil xanın Car əyalətinə qaçmasından sonra Şuşaya daxil olmasından bir müddət öncə Sadıq xan Kotlayerskiyə dərhal çapar göndərir. O, məktubunda yazır: “Əlahəzrət general, Şah Şuşanı almaqda israrlıdır. O, buranı alsa, Tehrandan sonra ikinci paytaxt buranı elan edəcək. Daha sonra bütün xanlqıları bir araya gətirəcək. Əmrinizə tabeyəm”.
Cavab məktubu qısa olur: “Əlahəzrət Çar sizin bu xidmətinizi yüksək qiymətləndirir. Şahın orda qalmasının qarşısını ala bilməsəniz, öldürün. Sadıq xan, İran hökmdarı olacağınıza əminik. Siz narazı Məmməd bəyin köməyindən yararlana bilərsiz” (Esnadi ez Revabet-ı İran ve Rusye ez Safaviye ta Kacariye, Ter. Rahim Musulmanyan Kubadiyani, Behruz Musulmaniyan Kubadiyani, Tahran 1387).
Şah Şuşada qaldığı İmarətdə üç gün ərzində heç bir qətlə imza atmır. Sadıq xanın davranışlarından şübhələnən Şah onun evində axtarış aparmağı xəlvət fərraşlara (müasir kəşfiyyatçılar) tapşırıq verir və onun yazışmalarını ələ keçirir. (П.Бугков. Материалы для новой истории Кавказа, ч. II., СПб., 1869, стр.142).
Abbas bəy, Sadıq xan və Səfaralı həbs edilirlər. Onlarla yanaşı Məmməd bəy Batmanqılınc da həbs edilir. Sadıq xan xəlvət fərraşlarının rəisi olduğu üçün həbs otağının qapısına qıfıl vurulmur. Gecə ikən Məmməd bəyi, Abbas bəyi və Səfarlını gizli müşavirəyə dəvət edən Sadıq xan Kotlayerski ilə danışdığını, Məmməd bəyin Qarabağ xanı elan ediləcəyini və onun İran taxtına oturacağını məlumat verir. Bunun üçün Qacar şahın öldürülməsini vacib sayır. Qətli Məmməd bəy boynuna götürsə də, Sadıq xan bu işi Abbas bəy və Səfaralıya tapşırır. Gecə saat 3-ə 15 dəqiqə qalmış hər ikisi xəncərlərini çəkib şah yatan оtağa girirlər. Abbas bəy qabaqca yеriyib pərdəni çəkir. Səfərəli cəld şahın üstünə gеdib, qəməni оnun ürəyinə sancır. Abbas bəy və Səfərəli qaçırlar. Ağa Məhəmməd şah Qacar hövlnak yеrindən qalxıb, оnların dalınca, əli ürəyində, qapıyadək gedir, sоnra qayıdıb оtağın оrtasında yıxılır. Əli ilə ürəyini tutan Şah, “Еy еvi dağılmışlar, Xanədanı viran qоydunuz” deyib ölür.
Otağa daxil olan Sadıq xan onun başın kəsir və qolunda olan bahalı daşlardan qolbağı və tacı götürüb otaqdan çıxır.
Gecə ikən Şuşaya gələn Kotlyarevskinin adamlarına qolbağı verən Sadıq xan dərhal generala əmrin icra edilməsini xahiş edir.
Səhər açılan kimi Sadıq xan Şəqaqi “qatilləri” yaxalayır. Onları vəliəhdin anası və şahın xalası başda olmaqla, Qacar xanımları çarmıxa çəkirlər.
Ağa Məhəmməd şahın cənazəsi Şuşadan Tehrana aparılıb və oradan Nəcəf şəhərinə göndərilərək 8 yanvar 1798-də, birinci imam Həzrət Əlinin məqbərəsi yaxınlığında dəfn edildi… (Abbas Amanat’s (1998): essay on Qajar Iran in Layla S. Diba, ed., Royal Persian Paintings: The Qajar Epoch 1785-1925 , I.B. Tauris Publishers, London).
Onun başını Balakənə İbrahim Xəlil xana göndərirlər, orada onu qəbiristanlıqda torpaqa tapşırırlar.
Qacarın ölümü Azərbaycanın Rusiya tərəfindən işğalını sürətləndirdi.
Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent