Ermənistan hökuməti misli görünməmiş iqtisadi göstəricilərə işarə edir, lakin bu rəqəmlərin ölkəmizə aidiyyəti yoxdur.
AzerTimes xəbər verir ki, bunu erməni iqtisadçı ekspert Suren Parsyan deyib.
“Rusiya-Ukrayna münaqişəsi fonunda Moskvaya qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq olundu ki, bu da Ermənistana müsbət təsir etdi. Bizim Rusiyaya misli görünməmiş həcmdə ixracımız var. İxracın əhəmiyyətli hissəsi təkrar ixrac hesabına təmin edilir. Bir sıra mallar Ermənistana gəlir və sonra Rusiyaya ixrac olunur, məsələn, avtomobillər, avadanlıqlar. Çox vaxt bizim hökumətin nümayəndələri misilsiz iqtisadi artımı, iqtisadi göstəriciləri qeyd edirlər, lakin bu rəqəmlər Ermənistana aid deyil, Avropa malları Ermənistana gəlir, sonra da Rusiyaya gedir. Ona görə də alınan pul Ermənistana aid deyil”, – o bildirib.
İqtisadçının sözlərinə görə, 2022-ci ildə Ermənistana 5,2 milyard dollar vəsait daxil olub ki, bunun da təxminən 3,6 milyard dollarını Rusiya vətəndaşları verib:
“Bu ilin 5 ayı ərzində Ermənistana dünyanın hər yerindən 2,5 milyard dollar daxil olub. Bu məbləğin təxminən 1,8 milyardı Rusiya vətəndaşları tərəfindən təmin edilib. Elə olur ki, adamın işi olmayanda xaricdən qohumu pul göndərir, o da xərcləməyə başlayır: yaxşı yaşayır, yaxşı geyinir, yeyib-içir. Amma qohum pulu göndərməyi dayandıranda bu adam müflis olacaq. İndi Ermənistan iqtisadiyyatı bu adam kimidir, onun iqtisadi potensialı, imkanları, zavodları, böyük investisiya proqramları yoxdur”.