Rusiyanın Kosova və Qarabağ planı… – Həsən Oqtay

Rusiyanın Kosova və Qarabağ planı… – Həsən Oqtay

17 fevral 2008-ci ildə Kosova müstəqilliyini elan etdikdən sonra ABŞ-ın təsiri altında olan dövlətə çevrildi və onu Ağ Evin dəstəyilə yüzə yaxın dövlət tanıdı. Kosova qurularkən onun sərhədləri çərçivəsində yüz minə yaxın serbin qaldığı bildirilir. Sözügedən serb əhalinin on bələdiyyəsi, otuz kanton ərazisi və on bir millət vəkili var və buna baxmayaraq, özlərini Kosova vətəndaşı kimi görmürlər. Əhali serb kimliyi ilə Serbiyaya bağlı halda yaşayır. Hətta şəxsi avtomobillərin dövlət nömrə nişanları da Serbiyanındır.

Bu sözləri AzerTimes-a Serbiya Prezidenti Aleksandr Vuçiçin əmri ilə ordunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi haqqında danışan Türkiyə Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, professor Həsən Oqtay deyib.

Professor Kosova prezidenti və baş nazirinin ABŞ səfərindən sonra vəziyyətin gərginləşdiyini qeyd edib:

“ABŞ səfərindən sonra prezident və baş nazir ölkənin şimalında yaşayan serblərə Kosova kimliyi verilməsi, eyni zamanda avtomobillərin də dövlət nömrə nişanlarının dəyişdirilməsi haqqında bəyannamə verdilər. Həmin bəyannamə ilə də Kosovada vəziyyət gərginləşdi. Hazırda Zubin Potok şəhəri separatçı adlandırılan serb əsilli Kosova vətəndaşları tərəfindən demək olar ki, mühasirəyə alınıb və mərkəzlə əlaqəsi kəsilib. Bəzən Kosova hərbi birləşmələri ilə sözügedən qruplar arasında toqquşmalar baş verir. Aleksandr Vuçiç də serblərin hüququnu qorumaq üçün məsələni davamlı şəkildə gündəmə gətirir. Serbiya rəsmi şəkildə Kosovanı dövlət kimi tanımır və oranı öz torpağı kimi görür. Ona görə də bəhs etdiyimiz ərazidə serblərə qarşı həyata keçirilən addımlara son qoymaq üçün gücdən istifadəni də gözə alıb. Kimlik dəyişdirmənin müddəti 2023-cü ilin 1 sentyabrnadək uzadılsa da, şəhərin ətrafındakı barrikadalar hələ də yığışdırılmayıb və arada Kosovadakı sülhməramlılarla serblər arasında toqquşmalar olur. Son günlərdə artan gərginlik fonunda Serbiya Kosovanın addımlarını əngəlləmək üçün həm polisləri, həm də hərbi birləşmələri sərhədə göndərib. Əməliyyata isə Serbiyanın Baş Qərargah rəisi Milan Moljikoviç özü şəxsən rəhbərlik edir”.

Oqtayın sözlərinə görə, Qərb və Rusiya ortaya çıxan böhranlı vəziyyətdən öz maraqları üçün istifadə edir və bu da yeni dünya müharibəsinin ortaya çıxma riskini artırır:

“Digər tərəfindən ağla Qərbin Ukraynadan sonra Kosova və Qarabağ məsələsi üzərindən Rusiyaya yeni cəbhə açmaq hədəfi ilə bağlı sual gəlir. Rusiya da öz növbəsində yaranmış vəziyyətdən maraqlarına uyğun şəkildə istifadə etmək istəyir. Belə ki, bir müddət öncə Ukraynada öz mövqelərini gücləndirmək üçün Türkiyə və Yunanıstan arasında münasibəti gərginləşdirmə həmlələri etdi, lakin dövlətimiz bu tələyə düşmədi. Məqsəd isə NATO daxilində münaqişə çıxarmaq və Ukraynanı unutdurmaq idi. Plan baş tutmadığı üçün də Kosova və Qarabağda vəziyyəti gərginləşdirməyə başladı. Baş verənlər Kosova üzərindən Rusiya və Serbiya-Qərb, eyni zamanda Qarabağ üzərindən Azərbaycan və Rusiya toqquşmasına çevrilə bilər. Rusiya sadaladığımız məsələlərdən istifadə edərək nəzarəti əlində saxlamaq istəyir. Ona görə, Türkiyə təcili surətdə Kosova və Serbiya, Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması üçün əlavə addımlar atmalıdır. Çünki müharibənin Ukrayna sərhədlərindən kənara çıxması Üçüncü Dünya müharibəsinin başlaması deməkdir. Qərb və Rusiya hazırkı məqamda İkinci Dünya müharibəsinin ssenarisinə uyğun hərəkət edirlər, lakin bu dəfə birbaşa toqquşmadan daha çox vəkalət müharibələri aparırlar”.

Teqlər: