Rusiyanın Kiyevi tutmaq planı haqda ilk məlumatı Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanova bankir Denis Kireyev verib.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb.
Nəşrin məlumatına görə, Kireyevin hər iki ölkənin xüsusi xidmət orqanlarında əlaqələri olub, o, uzun illər maliyyə qurumları vasitəsilə Rusiya ilə əməkdaşlıq edib və bunun müqabilində külli miqdarda pul alıb.
Daha sonra isə Kireyev Qərb kəşfiyyatı ilə əlaqələr qurub.
Nəşr bildirir ki, Rusiya 2021-ci ildə Ukrayna sərhədlərinə qoşun toplayanda Kireyevin şəxsiyyəti Budanovu cəlb edib və onu yanına çağırıb:
“Budanov özü də təsdiq edir ki, Kireyevin vətənpərvərliyinə müraciət edib və ondan maliyyə və kəşfiyyat əlaqələrindən Rusiya kəşfiyyatına sızmaq üçün istifadə etməsini istəyib. Budanov bildirib ki, 2021-ci ilin payızında ABŞ ordusu və kəşfiyyat orqanları Rusiya təhlükəsi barədə xəbərdarlıq etməyə başlayanda Kireyev öz mənbələrindən Moskvanın işğala hazırlaşdığını öyrənib.
Fevralın 23-də günortadan sonra Kireyev Budanova təzə kəşfiyyat məlumatı çatdırıb: Putin səhər tezdən işğal əmri verib. Kireyev hücumun əsas nöqtələrini də bilirdi. Budanovun sözlərinə görə, Kireyevin məlumatı Ukraynaya Rusiyanın hücumuna hazırlaşmaq üçün bir neçə qiymətli saat verib”.
Bildirilib ki, Rusiyanın sürətli hücum planı puça çıxdığı üçün hər iki tərəf Belarusda atəşkəs danışıqları aparıb:
“Kireyev Rusiya nümayəndə heyətinin iki üzvünü tanıdığı üçün Budanov onun iştirak edib-etməyəcəyini soruşub. Kəşfiyyat rəhbəri Kireyevin əlaqələrinin döyüşlərdə fasilə qazana biləcəyinə və Ukraynaya müdafiəyə hazırlaşmaq üçün daha çox vaxt qazandıracağına ümid edirdi.
Kireyev də bu rolu oynamasının onun üçün nə qədər təhlükəli olduğunu bilirdi və getmək istəmirdi. Amma sonda razılaşdı. Kireyev Belarusdan birbaşa Ukraynaya qayıtdı və Budanovla görüşdü. Təhlükəsizlik əməkdaşlarının sözlərinə görə, Kireyev təhlükə barədə bilirdi və iclası susqun əhval-ruhiyyədə tərk etdi”.
Qeyd edək ki, ötən ilin yazında Kireyevin rus casusu kimi öldürüldüyü barədə məlumat yayıldı. Ukrayna xüsusi xidmət orqanları məsələ ilə bağlı məlumat vermədilər.