“Beyin axını” Rusiya üçün həmişə xarakterik olub. Gəlin, son 15 ilin statistikasına nəzər salaq. Görəcəyik ki, İT, mühəndislik, tibb sahələri üzrə kadrlar Qərb istiqamətinə axın etməkdə maraqlı olublar. Zaman-zaman da müxtəlif yollarla Rusiyanı tərk ediblər. Ukrayna müharibəsi fonunda Rusiyaya iqtisadi sanksiyaların tətbiq olunması, bir çox sənaye müəssisələrinin fəaliyyətini dayandırması, tanınmış şirkətlərin Rusiya bazarından getməsi onminlərlə mütəxəssisin işini itirməsinə səbəb oldu. Bu sahələrin əksəriyyəti İT ilə bağlı olan sektorlardır. Buna görə də Rusiyanı tərk edənlər arasında daha çox İT mütəxəssislərinin adları hallanır. Hətta Rusiyanın bəzi məlumatlı dairələri çox qısa müddətdə 100 minə qədər İT mütəxəssisinin ölkəni tərk etdiyini bildirir. Orda işsiz qalan İT mütəxəssisinin daşıya biləcəyi təkcə “intelektual baqajı” var və onu götürüb ölkədən gedir.
Bu barədə AzerTimes-a Rusiyadan olan kütləvi beyin axınını şərh edən miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov deyib.
Rusiyani tərk edənlərin hara getdikləri sualına gəlincə isə o bildirib ki, Türkiyəyə böyük axın var:
“Hətta bəzi məlumatlara görə, 10 min rusiyalı İT mütəxəssisi Ermənistana gəlib. Ermənistanda həmin mütəxəssislərə şərait yaradıblar ki, onlar orada əmək fəaliyyəti göstərsinlər. Daha çox sayda isə axın Türkiyəyə olur. Hazırda 70 min İT mütəxəssisinin Rusiyanı tərk etidiyi deyilir. Proqnozlara görə, 100 min mütəxəssis də Rusiyanı tərk edəcək. Qısası, 170 min İT kadrı Rusiyanın əmək bazarından gedəcək. Rusiyadan gedənlər yalnız İT deyil, bütün sektorlarda müşahidə olunur.
Bir nümunə də göstərim: Rusiyanın kosmik tədqiqatların aparılması üçün xarici şirkətlərlə müqaviləsi var idi. Burda da işlər dayandı. İndi sual yaranır: burda sahə üzrə çalışa bilən şəxslər nə etməlidir? Onlar məcburdur ki, öz potensiallarına uyğun olaraq xaricdə işlə təmin olunsunlar. Rusiyadan kəskin şəkil alan beyin axını nəinki Rusiya əmək bazarına, birbaşa onun intelektual bazarına da ciddi zərbə vuracaq”.
Rusiyadakı demoqrafik problemlərə toxunan mütəxəssis qeyd edib ki, 2 ildən sonra ordakı əhali sayı bu illə müqayisədə bir milyondan da çox azalacaq:
“Bu, Rusiya üçün kifayət qədər yüksək göstəricidir. Çünki Rusiyanın əhalisi 1992-ci ildən bəri azalır. İl ərzində ölənlərin sayı doğulanları az qala 35%-40% üstələyir. Demoqrafik böhrana iki amil səbəb olur: təbii artımda azalma və miqrasiya templəri. Rusiya bunun qarşısnı almaq üşün naturallaşma siyasətini yürütməyə çalışır. Yəni Rusiya vətəndaşlığın qəbulu prosesini yüngülləşdirib, əhali sayını artırır. Bu sistem son 3-4 ildir ki, geniş təcrübə edilir. Bu siyasət Rusiyanın xilas üsulu kimi də dəyərləndirilə bilər. Ötən ilin nəticələrinə görə, 500 mindən çox şəxs Rusiya vətəndaşlığını alıb. Rusiya kənardan gəlib vətəndaşlıq alan şəxslər üçün minimum tələbələr, maksimum şərait yaradır. Lakin bu da kifayət etmir. Rusiya Dövlət Dumasının nümayəndəsi Yevgeni Fyodorov demoqrafik böhranın qarşısını almaq üçün “İdentikliyin-rus tarixi mexanizmlərinin işə salınması”nı təklif edib. Bu o deməkdir ki, əgər siz rus dilində rahat danışırsınızsa, Rusiyaya müraciət edib vətəndaşlıq ala bilərsiniz. Dil biliyi vətəndaşlıq almaq üçün kifayət edir. Düzdür, bu, hələ ki, təklifdir. Amma demoqrafik böhran kəskin şəkil alarsa, bu təklif əsas kimi götürülə bilər.
2022-ci ilin sonunda Rusiya əhalisinin sayında kəskin azalma olacaq. Həm qeyri-sabit iqtisadiyyat, həm də immiqarsiya templərinin yüksək olduğu bir şəraitdə müharibə faktoru vəziyyəti daha da pisləşdirdi. Müharibədə ölən cavan nəslin nümayəndləridir. Onlar təbii artımda rol oynaya biləcək insanlardır. Rusiyanın müharibədə itkilərilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Ukrayna tərəfi deyir ki, müharibədə 30 mindən çox rus hərbçisi ölüb. Bu, rus genefondu üçün olduqca ciddi rəqəmdir. Hələ müharibə davam edir və hər gün ölüm var”.