Ukraynanın hava hücumundan müdafiə sistemləri Rusiya X-22 raketlərini vurmaq iqtidarında deyil.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib.
O bildirib ki, X-22 raketi aşağıdakı xüsusiyyətlərə malikdir: sürət – 3-4.5 Mach; uçuş hündürlüyü – 25 km-ə qədər.
Ekspert qeyd edib ki, Mach 1 – 1224 km/saata bərabərdir. X-22-nin maksimal sürəti isə 5500 km/saatdır:
“Ancaq çox maraqlı bir nüans var. 1970-ci illərdə X-22B-nin modifikasiyası hazırlandı, onun maksimal sürəti Mach 6 idi, o artıq hipersəs idi. Nəzərinizə çatdırım ki, hipersəs həddi Mach 5-dir”.
O vurğulayıb ki, Ukraynanın hava hücumundan müdafiə vasitələri həqiqətən də X-22-ni vura bilməz.
Qeyd edək ki, Dneprdə ən azı 45 nəfərin ölümünə səbəb olan yaşayış binası X-22 ilə vurulmuşdu. Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç X-22 raketinin havada vurulduğunu, qalıqların binaya düşdüyünü və bu cür dağıntıya səbəb olduğunu bildirdi və bu da böyük qalmaqal yaratdı. Rusiya Arestoviçin bu sözlərindən təbliğatda istifadə etdi, Ukrayna Baş Qərargahı isə X-22-ni vurmaq imkanına malik olmadığını açıqladı.
Qalmaqal Arestoviçin istefa verməsinə səbəb oldu.