Mənim real siyasətdən kənara çıxmağa haqqım yoxdur, bu gün dünyada vəziyyətin necə olduğunu anlamaq lazımdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Gevorq Papoyan partiyasının Azərbaycanın ərazi bütövlüyünü tanıması məsələsini şərh edərkən deyib.
“Xalqımız, hökumətimiz və siyasi sistemimiz seçim etməlidir: sülh, yoxsa müharibə. Və bu seçim Rusiyanın hazırkı vəziyyəti nəzərə alınmaqla, onun mümkün yardımının nə qədər ola biləcəyini təsəvvür etməklə edilməlidir. Siz də bilirsiniz ki, Qarabağ münaqişəsi ilə bağlı dünya nə düşünür. Bilirsinizmi, dünya xalqların ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə haqqında nə fikirləşir? Bu vəziyyətdə biz qərar verməliyik: Türkiyə və Azərbaycanla gözlənilən nəticələri olan yeni müharibəyə getsək də, sülh yolu ilə getsək də, biz erməni xalqının müstəqilliyini, suverenliyini, təhlükəsizliyini, erməni xalqının hüquqlarını müdafiə edəcəyik. Erməni xalqının Qarabağda yaşaması vacibdir. Müharibə, avantüra və sülh arasında seçim etməliyik. Müharibə və avantüra Ermənistanın müstəqilliyini itirmək təhlükəsi və ərazi bütövlüyü ilə bağlı ciddi problemlərin yaranmasına, çoxsaylı itkilərə səbəb olacaq. Hesab edirik ki, alternativi olmayan dinc gündəmə doğru hərəkət etmək lazımdır. Başqa variant yoxdur”, – Papoyan bildirib.
O bildirib ki, erməni müxalifəti də heç nə təklif etməyib:
“Onların təklifləri ya heç nə, ya da dolayısı ilə yeni müharibə və itkilərlə bağlı idi”.