Rusiyanın Azərbaycan mediasına münasibətdə bloklama siyasəti söz azadlığına və plüralizmə ziddir – Vüqar Rəhimzadə

Məlum olduğu kimi, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları
və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinin
qərarı ilə Azərbaycanda fəaliyyət göstərən Oxu.Az saytı Rusiya
ərazisində bloklanıb. Bundan əvvəl “Haqqin.az” və “Minval.az”
saytları ilə bağlı da analoji qərar qəbul edilib. Birmənalı demək
olar ki, qəbul edilən bu qərarlar söz azadlığı və plüralizm
prinsiplərinə ziddir. Bu baxımdan Rusiyanın dövlət qurumu
tərəfindən Azərbaycanın xəbər saytlarına qarşı münasibətdə ifadə
azadlığına zidd olaraq qəbul edilən bloklama qərarı təəssüf
doğurur.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası
İdarə heyətinin üzvü, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə
açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan mediası həm ölkə daxilində,
həm də respublikamızın hüdudularından kənarda baş verən
ictimai-siyasi və digər hadisələrlə bağlı heç bir tərəf tutmadan,
obyektiv, balanslı xəbər təqdim etməklə cəmiyyətin informasiya
tələbatını ödəmək üçün peşəkarlıqla fəaliyyət göstərir: “Hesab
edirəm ki, belə olan halda Rusiyanın obyektiv xəbər təqdim edən
bəzi Azərbaycan saytlarına qarşı tətbiq etdiyi bloklama qərarı
bəşəri dəyərlərə hörmətsizlik, söz və ifadə azadlığının kobud
şəkildə pozulmasıdır. Bu fakt bir daha göstərir ki, Rusiyanın
müvafiq orqanları ölkə ərazisində obyektiv xəbərin yayılmasını
istəmirlər. Şimal qonşumuzun müvafiq dövlət qurumlarının belə
köhnəlmiş metodla ifadə azadlığına zidd qərarları Rusiya
cəmiyyətinin də obyektiv, alternativ mənbədən xəbər almaq
imkanlarını məhdudlaşdırır. Təbii ki, Rusiyanın belə addımları
ölkənin informasiya məkanının qorunması kimi qəbul edilə bilməz.
Çünki Azərbaycan mediasının yaydığı xəbərlər tam obyektivlik,
qərəzsizlik və tərəfsizlik prinsiplərinə əsaslanır. Ölkəmiz
Ukraynada gedən müharibə ilə bağlı informasiya mübarizəsində də
tərəf olmadığı üçün media mənsublarımız rəsmi dövlət orqanlarına
istinadən obyektiv xəbərləri yayırlar. Bütün bunlardan belə nəticə
çıxır ki, Rusiya tərəfi obyektiv, doğru məlumatların yayılmasında,
həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında maraqlı
deyil”.

Baş redaktor bildirib ki, Rusiya tərəfinin Azərbaycanın media
orqanlarının fəaliyyətinə belə yanaşması iki ölkə arasında
imzalanmış müttəfiqlik qarşılıqlı münasibətlərinə dair Bəyannamənin
tələblərinə ziddir: “Halbuki 44 günlük Vətən müharibəsi zamanı
Rusiya da daxil olmaqla bir sıra ölkələrin bəzi media orqanları
Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarla bağlı qərəzli,
obyektivlikdən kənar məlumat yaymaqla məşğul idilər. Bəzi Rusiya
telekanalları və saytları Vətən müharibəsi zamanı ölkəmizə qarşı
birbaşa əks-təbliğat aparır, birtərəfli, erməni tərərfinin
mövqeyini əks etdirən qərəzli məlumatlar yayırdılar. Bütün bunlara
baxmayaraq Azərbaycan dövləti müharibə getdiyi bir vaxtda belə
antidemokratik addım atmadı. Çünki Azərbaycan öz ərazisində
işğalçılara qarşı ədalətli döyüş əməliyyatları həyata keçirirdi.
Dövlətimiz Vətən müharibəsi zamanı müharibə qanunlarına tam əməl
etdiyi kimi, media azadlığı prinsipinə də sadiqlik nümayiş
etdirərək, heç bir xarici saytın və ya televiziya kanalının ölkə
ərazisində yayımını bloklamadı”.
Vüqar Rəhimzadə ümid etdiyini bildirib ki, Rusiya tərəfi söz, ifadə
azadlığının kobud şəkildə pozulması faktını aradan qaldıraraq,
Azərbaycan saytlarına tətbiq etdiyi qadağanı ləğv edəcək.

Teqlər: