Rusiyalılar yaxşı bilirlər ki, bu günümüzdə də, bizim tarixi keçmişimizdə də Azərbaycanda rus mədəni irsinə və dilinə hörmət və diqqətlə yanaşırlar. Əlbəttə, bu maraq və diqqət qarşılıqlıdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərtac-a müsahibəsində deyib.
“Son məlumatlara görə, Azərbaycanda əhalinin təqribən üçdə ikisi, o cümlədən Azərbaycan ziyalılarının böyük əksəriyyəti rus dilini bilir, Rus İcmasının isə təxminən 120 min üzvü var və bu, Cənubi Qafqazda ən yüksək göstəricidir. Respublikada rus dilində təhsil almaq olar, rusdilli KİV-lər fəaliyyət göstərir, tamaşalar hazırlanır, filmlər nümayiş etdirilir, rus dilində kitablar nəşr olunur, Rusiyanın yaradıcı kollektivlərinin müntəzəm qastrolları keçirilir. Ayrıca qeyd edərdim ki, Rusiyada da zəngin Azərbaycan mədəniyyətini böyük maraq və hörmətlə qəbul edirlər. Azərbaycan kollektivlərinin qastrollarına, azərbaycanlı bəstəkarların və musiqiçilərin, şair və yazıçıların, aktyor və rəssamların yaradıcılığına da böyük maraq var. Onların bir çoxunu həm Azərbaycanın, həm də Rusiyanın mədəniyyət xadimləri adlandırmaq olar”, – D.Savelyev qeyd edib.