Rusiyalı gimnast Bakıda batutla fərdi tullanma üzrə dünya yarışında birinci yeri tutub

Xəbər - Cani Babayeva – Trend:

Rusiyanı təmsil edən gimnast Kirill Kozlov Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə 28-ci Dünya Yaş Qrupları yarışlarında 17-21 yaş kateqoriyasında fərdi batutla tullanma proqramında birinci yeri tutub.

Trend xəbər verir ki, idmançının çıxışı 58.325 bala laiq görülüb.

İkinci yeri 57,980 xalla Şunta İseki (Yaponiya), üçüncü yeri 57,900 xalla Sebastyan Stankeviç (Belarus) tutub.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.


Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

Teqlər: