Rusiyadan şok etiraf: Vəziyyət ağırdır

Rusiyadan şok etiraf: Vəziyyət ağırdır

Rusiya Mərkəzi Bankınin sədri Elvira Nabiullina son mətbuat konfransında ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını etiraf edib. Bu səbəbdən Mərkəzi Bank faiz dərəcələrini artırıb. Ancaq Rusiya Mərkəzi Bankının sədri bunun ölkədə inflyasiyanın azalacağı anlamına gəlməyəcəyinə eyham vurub.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Naibulluina mətbuat konfransında daha bir neçə etiraf edib:

“Birincisi, Rusiyada işçi qüvvə çatışmır, rəqabət qabiliyyətli məhsul istehsal edilmir. İkincisi, faiz artımından sonra Türkiyə və Çinlə bu ölkələrin milli pul vahidləri ilə ticarət aparmaq çətinləşəcək. Çünki bu ölkələr dəyər itirən Rusiya rublu ilə alış-veriş etməkdə maraqlı olmayacaqlar. Halbuki Rusiya hakimiyyəti bunu illərdir uğurlu siyasət kimi təqdim etməyə çalışırdı.

Elvira Nabiullinanın mətbuat konfransında söylədikləri “Qərbin Rusiyaya qarşı sanksiyaları bizə mənfi təsir etmir” deyən digər rusiyalı rəsmilərin açıqlamalarına ziddir. Rusiya iqtisadiyyatının indiki ağır vəziyyətinin maliyyə siyasəti ilə bağlılığı yoxdur. Bu vəziyyət birbaşa Rusiyanın Ukraynaya qarşı müharibəsiylə bağlıdır. Rusiyada işçi qüvvə müharibəyə göndərilib, onların da bir qismi ya həlak olur, ya da ağır yaralanaraq geri döndükdən sonra iş qabiliyyətini itirir. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev hər gün cəbhəyə min nəfərin göndərildiyini uğur kimi qələmə versə də, Rusiya iqtisadiyyatı üçün bu, gündəlik itki deməkdir. Çünki onlar cəbhəyə öldürməyə və ölməyə gedirlər, ölkələrində isə istehsalın bir növü ilə məşğul olurdular. Digər tərəfdən Qərbin sanksiyaları Rusiyanın idxal-ixrac əməliyyatlarına mənfi təsir edib. Rusiya müharibəyə və hərbi-sənaye kompleksinə milyardlar xərcləyir və bunlar geri qayıtmayacaq pullardır. Elvira Nabiullianın mətbuat konfransından çıxan nəticə budur ki, Rusiya iqtisadiyyatı artıq müharibə yükünü daşımaq iqtidarında deyil. Ancaq müharibə bu gün dayandırılsa belə, iqtisadiyyatı əvvəlki durumuna qaytarmaq da çətin olacaq. Bu amilləri Rusiyaya qonşu ölkələr nəzərə almaq məcburiyyətindədirlər”.

Teqlər: