Rusiyadan qanunsuz keçirilən yarım milyon manatlıq telefon gömrükdə saxlanılıb (FOTO)

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda
mobil telefonların ölkənin gömrük sərhədindən qanunsuz yolla
keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, İdarənin
Əməliyyat və təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatı
əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun
idxal gömrük nəzarəti xəttinə daxil olan həmin ölkə vətəndaşı
Daudov Mirza Maqomedoviçin idarə etdiyi “Volvo FH12” markalı,
O229EP05/AK460005 dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsi
saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin kabinasında olan alt və üst
yataq yerlərindəki döşəklərin içərisində gömrük nəzarətindən
gizlədilmiş -14 ədəd “iPhone 12 Pro”, 62 ədəd “iPhone 13”, 22 ədəd
“iPhone 13 Pro”, 71 ədəd “iPhone 13 Pro Max markalı mobil
telefonlar aşkar olunub.

Qeyd edək ki, ümumi sayı 169 ədəd olan mobil telefonların dəyəri
457300 (dörd yüz əlli yeddi min üç yüz) manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: