Xəbər - Sədrəddin Ağcayev – Trend:
Rusiyadan Azərbaycana pul köçürmələrinin azalması ölkəmizin
makroiqtisadi göstəricilərinə cüzi təsir göstərəcək.
Bunu Trend-ə “Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə
deyib.
Onun sözlərinə görə, Azərbaycanın ümumi daxili məhsulunda pul
köçürmələri göstəricisi çox az paya malikdir və bunun makroiqtisadi
göstəricilərə təsiri minimal olacaq.
“Rəsmi məlumatlara əsasən, Rusiyada 650 minədək azərbaycanlı
yaşayır. Onların 2-3 il ərzində Azərbaycana köçürdüyü məbləğ 500
milyon dollardan 1 milyard dollaradək təşkil edib. 2020-ci ilə olan
vəziyyətə görə bu göstərici 450 milyon dollara bərabər olub”, –
deyə o bildirib.
Ekspert xatırladıb ki, Rusiya artıq fiziki şəxslərə bir nəfər
üçün xaricə pul köçürmələri limitini beş min dollar həddində təyin
edib.
“Bu onu göstərir ki, köçürmələrin həcmi əhəmiyyətli dərəcədə
azalacaq. Həm də Rusiyada ödəmə qabiliyyətliliyi azalacaq. Rusiyaya
tətbiq olunan sanksiyalar müəyyən məqsədlər güdür. Xarici kapitalın
olduğu sahələrdə iş yerlərinin azalması, ümumi daxili məhsulun
yeddi faiz azalması gözlənilir. Bütün bunlar isə daxili bazar
subyektlərinin xarici tərəfdaşlarla qarşılıqlı fəaliyyətini
məhdudlaşdıracaq”, – İ.Vəlizadə deyib.
O əlavə edib ki, Rusiyadan pul köçürmələrinin azalmasından bu
ölkədə əhəmiyyətli sayda əmək miqrantlarına malik ölkələr –
Özbəkistan, Tacikistan, Qırğızıstan və Ermənistan daha çox əziyyət
çəkəcək.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)