Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə dəfələrlə endirdiyi zərbələrdən sonra ruslar işğal olunmuş Krıma çıxış üçün alternativ yollar axtarırlar. Hökumətlə əlaqəli rus və çinli iş adamları Rusiyanı yarımada ilə birləşdirən sualtı tunelin tikintisini müzakirə edirlər.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
“Müzakirələrə Rusiyanın Kerç boğazı üzərindən qanunsuz tikilmiş körpünün təhlükəsizliyi baxımından artan narahatlığı səbəb olub. Bu, Rusiya ordusu üçün əsas logistika xəttidir, lakin Ukrayna Silahlı Qüvvələri tərəfindən iki dəfə hücuma məruz qalıb və Ukrayna qoşunları üçün həssas hədəf olaraq qalır. Rusiya 2014-cü ildə qanunsuz ilhaq etdiyi Krım üzərində nəzarətini saxlamaq əzmindədi. Həm də Moskvanın qlobal dəstək mənbəyi kimi Çindən artan asılılığı ölkəni buna yönləndirir”, – məlumatda deyilir.
ABŞ rəsmiləri və mühəndislərinin fikrincə, belə bir ideyanı həyata keçirmək çətin olacaq:
“İllər çəkəcək tikintiyə milyardlarla dollar xərclənəcək. Üstəlik, heç vaxt döyüş bölgəsində belə iş aparılmayıb. Kerç tunelinin Rusiyaya müharibə səylərində kömək etmək üçün vaxtında tamamlanacağı ehtimalı azdır. Layihə Rusiyanın Krımı ilhaqını heç vaxt rəsmən tanımayan və şirkətləri ABŞ, eləcə də AB tərəfindən iqtisadi sanksiyalara məruz qala biləcək Çin üçün də siyasi və maliyyə riskləri yaradacaq”.