Rusiya Dövlət Dumasının deputatları sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan Ermənistan vətəndaşlarının milli sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəliblər.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.
Hökumət tərəfindən hazırlanan bu qanun layihəsi Dövlət Duması tərəfindən 2022-ci ilin iyununda birinci oxunuşda qəbul edilib.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin xatırladıb ki, əslində bu qanun layihəsi Ermənistana əlavə üstünlüklərin verilməsini təklif edir:
“Respublikanın deputatları, rəhbərliyi və hökuməti rus dilinin statusunun möhkəmləndirilməsi istiqamətində heç bir addım atmasına baxmayaraq, bu qanun Ermənistana əlavə üstünlüklərin verilməsini təklif edir. Məhz bu əsasda biz Rusiyada digər ölkələrin milli sürücülük vəsiqələrinin istifadəsinə icazə vermək qərarına gəlirik. Analoji qərarlar Belarus, Qazaxıstan və Qırğızıstanla bağlı da verilib, çünki rus dili konstitusiyaya uyğun olaraq onlarda təsbit olunub. Ermənistana gəlincə, biz görürük: rus dilinin statusu yoxdur, son qərarlar heç də bu sahədə əlaqələrin inkişafına yönəlməyib”.