Rusiyadakı erməni lobbisinin Azərbaycana qarşı yeni taktikası onların isterikasıdır

Döyüş meydanında Şanlı Azərbaycan Ordusuna Ali Baş Komandanlıq funksiyasını böyük bir rəşadət və peşəkarlıqla həyata keçirən cənab Prezident İlham Əliyev istər Vətən müharibəsi dövründə, istərsə də postmüharibə periodunda informasiya cəbhəsinə də özü uğurla rəhbərlik edir. Müharibə bitsə də postmüharibə dövründə informasiya savaşı hələ də davam edir ki, düşünürəm, biz bu sahədə silahlarımızı daha da sərt şəkildə istifadə etməliyik. Qarşı tərəfə aman verməli deyilik ki, nəfəs ala bilsinlər.

Məlum faktdır ki, erməni lobbisi illər ərzində dünyanın müxtəlif ölkələrində olan media qurumlarına yayılaraq, onları yalan məlumatlarla doldurub və nəticə etibarilə Azərbaycana qarşı hücumlar qarayaxma kampaniyaları ilə müşaiyət olunub. Absurd və əsassız iddialar üzərində qurularaq silsilə xarakter alan bu addımlar Rusiyadakı erməni lobbisinin Azərbaycana qarşı yeni taktikası ilə müşaiyət olunur. Hal-hazırda atılan addımlar erməni lobbisinin isterikasından başqa bir şey deyil. Atılan məkirli addımlar sadəcə Ermənistanın müharibədə uduzmasından qaynaqlanmır, ya da təkcə erməni cəmiyyətinin mənəvi və psixoloji gərginliyinin təzahürü deyil. Bu, eyni zamanda illərlə erməni lobbisinin informasiya savaşında Azərbaycana qarşı xərclədiyi vəsaiti Azərbaycanın informasiya savaşında uğurlu, sistematik işlər görərək o saxta məlumatları da, vəsaiti də göyə sovurmasının nəticəsidir.

Dövlət başçımızın da hər zaman öz çıxışlarında qeyd etdiyi kimi, bu gün dünyada gücün işlək mexanizmə sahib olduğunun şahidiyiq. Bu baxımdan da region ölkələri də aydın görür ki, Azərbaycan regionun siyasi, iqtisadi, hərbi cəhətdən güclü ölkəsidir və ermənilər artıq real mənzərəni görürlər ki, bunlar Rusiyada, istər siyasi, istərsə də lobbiçilik mənasında uduzublar. 90-cı illərdə Azərbaycanı nəinki dəstəkləyən, baş verən hadisələr haqqında obyektiv məqalə yazan, azərbaycanlıların sırf etnik mənsubiyyətinə görə qəsdən qırılmasını işıqlandıran bircə məqalənin, çıxışın, televiziya və radio proqramının olmamasına baxmayaraq, Azərbaycanın indi yaratdığı reallıqla hər kəs barışmağa məcbur olur və Azərbaycanın apardığı informasiya savaşı haqqında məqalələrin səsi dünyanın nüfuzlu media qurumlarından eşidilir. Azərbaycanın mövqeyi güclənir, sözünün çəkisi hər keçən gün artır və cənab Prezident İlham Əliyevin nəticəyə istiqamətlənmiş prinsipial və çoxvektorlu fəaliyyəti nəticəsində dövlətimizin artan nüfuzu ve gücü erməniləri qıcıqlandırır. Vətən müharibəsində olduğu kimi, bu gün informasiya savaşında da həmrəy olan vətəndaşlarımız, ictimai xadimlərimiz, media mənsublarımız, siyasi şərhçilərimiz dünyanın nüfuzlu media qurumları və beynəlxalq beyin mərkəzlərində etdikləri çıxışlarla, yazdıqları məqalələrlə Azərbaycanın haqq səsini çatdırır, informasiya savaşında bayraqdar olan, yürütdüyü siyasətlə Azərbaycan xalqının milli maraqlarını rəhbər tutan cənab Prezident İlham Əliyevin siyasətinə bu sferada da dəstəklərini əzmlə davam etdirirlər.

Şəbnəm HƏSƏNOVA
Politoloq

Teqlər: