Rusiyanın 3 regionunda terror aktları törətmək üçün bomba hazırlayan Ukrayna casusu Kaluqa vilayətində saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə Belqorod, Bryansk və Tula vilayətlərində terror aktları törətmək üçün istifadə edilməsi planlaşdırılan əldəqayırma partlayıcı qurğular düzəldən 1976-cı il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb”, – məlumatda qeyd olunub.
İstintaqın məlumatına görə, Ukrayna xüsusi xidmət orqanları həmin şəxsi ötən ilin oktyabrında pul mükafatı qarşılığında əməkdaşlığa cəlb edib. O, bağ evində partlayıcı maddələrin istehsalı üçün laboratoriya qurub. Onun hazırladığı bombalar mart ayında keçirilən prezident seçkiləri zamanı terror aktları törətməyi planlaşdıran digər agentlərə ötürülüb. Bombalar Belqorodda Polis İdarəsinin və Zabitlər Evinin binalarında və Bryanskda iki enerji şirkətinin ofisində partladılmalı idi. Bundan əlavə, onlar Tulada qazpaylayıcı yarımstansiyanı partlatmağı planlaşdırıblar.
Bildirilib ki, əməliyyat nəticəsində 7 rusiyalı saxlanılıb.