Hazırda hamını düşündürən bir sual var: Rusiyada “Vaqner” qiyama qalxıb, bu şəraitdən Ukrayna ordusu niyə istifadə etmir?
1. Hətta Ukraynadakı Rusiya hərbi birliklərinin komandanı Surovikin də Moskvaya gedib, ordu başsızdır;
2. Çeçen birlikləri də daxil olmaqla, bəzi qüvvələrin geri çəkildiyi haqda məlumatlar var;
3. Rusiya hərbi rəhbərliyinin başı ciddi şəkildə qiyama qarışıb.
Bu, Ukraynanın hücumu və uğur qazanması üçün ideal imkandır.
Ancaq biz Ukraynanın hər hansı hücumunu müşahidə etmirik, əksinə, Rusiya ordusunun Ukrayna şəhərlərinə ağır zərbələri haqda məlumatlar gəlir.
Olduqca həssas və sürətlə cərəyan edən hadisələrdə iki mühüm məqam var:
1. Ukrayna ordusu hücum etsə, bəlkə də uğur qazana bilər. Ancaq bu hücum “Vaqner”ə qarşı ictimai dəstəyi kəskin şəkildə azaldacaq.
“Vaqner” döyüşçüləri girdikləri Rusiya şəhərlərində qəhrəman kimi qarşılanır: sərhədçilər, ordunun böyük əksəriyyəti onlara atəş aşmır. Ancaq “Vaqner”in qiyamından Ukrayna istifadə edib, hücuma keçərsə, onda Rusiya MN bütün günahı vaqnerçilərin üzərinə yıxa biləcək və ictimai rəyi tam şəkildə öz tərəfinə çəkəcək.
2. Ukrayna Priqojinin özündən də ehtiyat edir və Rusiyada cərəyan edən prosesləri dəyərləndirməyə çalışır. Yəni “nə baş verir və nəticə necə olacaq” sualı aktualdır. Bu, hansısa oyun ola, Ukrayna ordusunu tələsik hücuma vadar edə bilərmi? Bu, tələdirmi?
Bütün məlumatlar bu prosesin tələ olmadığını düşünməyə əsas verir. Buna baxmayaraq, görünür, Ukrayna Hərbi Kəşfiyyatı prosesə hazır deyil və yaxud daha ciddi proseslər olacağı barədə məlumata sahibdir.
Ona görə Ukrayna ordusu gözləmə mövqeyindədir və fikrimizcə, hazırda ən doğru yanaşma da budur.
Prosesin nəticəsini gözləmək lazımdır – onsuz da bu proses Rusiyanın Ukraynadakı hərbi əməliyyatına sarsıdıcı zərbə vurmaqdadır…