Rusiyada Nizami Gəncəvi müqəddəs və toxunulmaz bir şəxsiyyət sayılır – Rusiya prezidentinin xüsusi nümayəndəsi

Mənim üçün Rusiya Federasiyasını təmsil edib Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş beynəlxalq forumda iştirak etmək olduqca qürurvericidir.

Trend xəbər verir ki, bu sözləri Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı, Rusiya Federasiyası prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy jurnalistlərə açıqlamasında deyib.

“Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanda bu il “Nizami Gəncəvi İli” elan olunub. Onu da qeyd edim ki, Rusiyada da bu dahi şəxsiyyətə bir çox tədbirlər həsr olunub. Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində Azərbaycana aid sərgi açılıb və Sankt-Peterbuqda Elmlər Akademiyasında Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş konfrans təşkil olunub: “Rusiyada Nizami Gəncəvi müqəddəs və toxunulmaz bir şəxsiyyət sayılır. Xatırladım ki, İkinci Dünya müharibəsində Sovetlər İttifaqı artıq blokadaya alınan zaman 1941-ci ildə Sankt-Peterburqda Nizami Gəncəvi ilə bağlı konfrans keçirilib. 1991-ci ildə də eynilə Sankt-Peterburqda Sovetlər İttifaqının dağıldığı ərəfələrdə daha bir konfrans təşkil olunub. Rusiyada ölkənin paytaxtında və Sankt-Peterburq şəhərində Nizami Gəncəvinin şərəfinə heykəl ucaldıb”, – M.Şvıdkoy deyib.

Nizaminin “Xəmsə”sinin Rusiya mədəniyyətinin də tərkib hissəsi olduğunu deyən Mixail Şvıdkoy rus şair və yazıçılarının əsərlərini vərəqləyəndə Nizami Gəncəvi adı ilə tez-tez qarşılaşdıqlarını söyləyib.

“Bu gün Nizami Gəncəvi irsi olduqca vacibdir. Biz tez-tez qlobal dünyadan danışırıq, onu XXI əsrlə əlaqələndiririk. Əslində bu belə deyil. Hələ XII əsrdə Nizaminin ideyaları ölkə sərhədlərini aşıb sürətlə geniş əraziləri zəbt edirdi. Dünya ictimaiyyəti Nizami Gəncəvini yaxşı tanıyırdı, Dante, Şekspir, Höte kimi şəxsiyyətlər əsərlərində onun yaradıcılığına müraciət edirdi. Bu onu göstərir ki, dünya hər zaman qlobal olub. XXI əsr keçmişin yalnız müasir formasıdır”, – deyə M.Şvıdkoy əlavə edib.

Teqlər: