Rusiya elitası Aleksey Dyuminin Dövlət Şurasının katibi təyin edilməsindən həyəcanlanır. Bu, Rusiya lideri Vladimir Putinin seçimi ilə Dyuminin Rusiyanın gələcək prezidenti olmasının təsdiqi hesab olunur.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Bu cür söz-söhbətlər uzun müddətdir ki, davam edir. Dyumin Putinin təhlükəsizlik xidmətindən, xüsusi xidmət əməkdaşlarındandır. Sonra Dyumin Tula vilayətinin qubernatoru kimi özünü çox yaxşı göstərdi. İndi isə Dyumin Dövlət Şurasının katibi kimi Rusiyanın əsas elitasına federal səviyyədə nəzarət edəcək. Dövlət Şurası isə yeni Konstitusiyaya görə, kollektiv prezident rolunu oynaya bilər. Əsas odur ki, bu gün çoxları Putinin Dyumini Rusiyanın gələcək prezidenti kimi gördüyü fikrini gücləndirdi”, – o bildirib.
Qeyd edək ki, Putin bu gün general-polkovnik Dyumini Dövlət Şurasının katibi təyin edib. Dyumin bir neçə gün öncə Putinin köməkçisi gətirilmişdi.