Rusiya İctimai Palatasının üzvü, Dövlət Duması deputatlığına hakim “Vahid Rusiya” partiyasından namizəd Mariya Butinanın açıqlamaları açıq şovinizm təzahürü bağışladı.
Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rus İcmasının bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Rus İcması Novosibirsk şəhərində baş vermiş faciəvi insidentdən narahatlığını bildirir: “Azərbaycanın 120 minlik rus əhalisini təmsil edən Rus İcması M.Butinanın təxribatçı açıqlamaları ilə bağlı qəti etirazını bildirir. Biz əminik ki, “Vahid Rusiya” partiyasının və İctimai Palatanın rəhbərliyi öz nümayəndələrinin polisin hərəkətlərinə bəraət qazandıran və millətlərarası münasibətlərə kölgə salan açıqlamalarına prinsipial qiymət verəcək və hesab edirik ki, bu cür şəxsə Rusiyanın hörmətli orqanlarında yer olmamalıdır. Rus İcması ümid edir ki, Rusiya ictimaiyyəti, parlamenti və hökuməti millətlərarası əmin-amanlığın qorunması üçün zəruri addımlar atacaq”.