Rusiyada bir həftəlik “tətil” başlayıb

Oktyabrın 30-dan Rusiyada koronavirusla bağlı vəziyyətlə əlaqədar tətbiq edilən qeyri-iş günü rejimi qüvvəyə minib.

Trend xəbər verir ki, ötən həftə Rusiya prezidenti Vladimir Putin əmək haqları saxlanılmaqla oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günlərinin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Eyni zamanda, dövlət başçısı region rəhbərlərinə sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq bu müddətin dəyişdirilməsinə icazə verib. Belə ki, onların oktyabrın 30-na kimi qeyri-iş günləri elan etmək imkanı var idi. Həmçinin, yerli administrasiya rəhbərləri noyabrın 7-dən sonra müvafiq müddəti uzada da bilərlər.


Nəticədə Perm diyarında, Voronej, Nijni Novqorod, Novqorod, Samara və Kursk vilayətlərində qeyri-iş günləri daha tez – oktyabrın 25-dən başlayıb. Sonradan onlara bir neçə başqa rayon da qoşulub.

Moskva və Moskva vilayətində qeyri-iş rejimi oktyabrın 28-dən noyabrın 7-dək tətbiq edilib.