Moskva Ermənistandan ikitərəfli kanallar vasitəsilə, bu ölkənin Baş naziri Nikol Paşinyanın İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının dondurulması ilə bağlı dediklərinin nə demək olduğuna dair əsaslandırıcı izahat gözləyir.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Nikol Paşinyanın Ermənistanın KTMT-dəki iştirakının dondurulması ilə bağlı açıqlamalarının arxasındakı məsələnin əsl mahiyyəti ilə bağlı əsaslandırıcı izahat verilməlidir”, – XİN-dən bildiriblər.
Moskva, Ermənistanın bu statusdan irəli gələn bütün hüquq və öhdəlikləri ilə KTMT-nin tamhüquqlu üzvü olmağa davam etməsi faktından çıxış edir. Rusiya XİN-dən bildirilib ki, İrəvanın təşkilatın tədbirlərində iştirakının dinamikası azalıb.
“Ümid edirik İrəvanda anlayacaqlar ki, mövcud narahatlıqlar ictimai müstəvidə qaldırmaq yolu ilə həll edilmir, onlar etibarlı dialoq vasitəsilə müzakirə olunmalı və aradan qaldırılmalıdır”, – nazirlikdən bildiriblər.
XİN vurğulayıb ki, 2022-ci ildə Ermənistan tərəfinin xahişi ilə operativ şəkildə KTMT Katibliyinin və Birləşmiş Qərargahının qiymətləndirmə missiyası formalaşdırılıb və ölkənin sərhəd rayonlarına göndərilib. Nəticələr üzrə, KTMT Kollektiv Təhlükəsizlik Şurasının Ermənistanda monitorinq missiyasının yerləşdirilməsi ilə bağlı qərar hazırlanıb.
“Bunun müqabilində isə İrəvan nümayişkaranə şəkildə ölkəyə Avropa Birliyinin psevdo-müşahidəçilərini dəvət etməyi seçdi – bu faktlar hər kəsə məlumdur və onların gördüyü işin səmərəsizliyi də göz qabağındadır”, – XİN qeyd edib.