Rusiyanın işğaldan sonra referendumla ilhaq etdiyi dörd bölgədən biri olan Xersonun bir hissəsindən öz ordusunu çəkmə qərarı vaxt və ortaya atılan iddialara diqqət etdiyimiz zaman daha dərin və dolayısı ilə Ukrayna müharibəsində dönüş nöqtəsi olan yeni bir mərhələyə keçdiyimizi göstərir.
Bu sözləri AzerTimes-a Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ordu birləşmələrinin Xersondan çıxarılaraq Dneprin sol sahilinə keçirilməsi haqqında əmrini şərh edən Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərol deyib. Professor Rusiyanı çəkilmə qərarını verməyə məcbur edən bir sıra amilləri sadalayıb:
“Bəlkə bu təsbit mövcud şərtlər daxilində çox iddialı görünə bilər. Lakin Ukrayna müharibəsində hazırda gəlinən mərhələ geri çəkilmənin bir məcburiyyət olduğuna işarə edir. Rusiyada səlahiyyətli şəxslər də Şoyqunun əmrini çətin verilmiş qərar kimi dəyərləndirirlər. Rusiyanı belə çətin qərarı verməyə sürükləyən bir neçə səbəbi sadalamaq mümkündür. Birincisi, müharibənin ortaya çıxardığı səbəblərdir. Ukrayna müharibəsi Rusiya üçün humanitar və iqtisadi baxımından itkiləri çox böyük olan “gücdənsalma prosesi”nə çevrilib. Sözügedən vəziyyət hər keçən gün rus rəsmiləri arasında olduğu kimi, cəmiyyət arasında da daha güclü parçalanmalara yol açır.
İkincisi, Rusiyanın Xersonu Donbas bölgəsinə qarşılıq sövdələşmə vasitəsi kimi əlində saxlaması ilə bağlı ola bilər. Bildiyimiz kimi, Rusiya Ukraynaya qarşı hərbi müdaxilənin əsas məqsədinin Donbas bölgəsini öz nəzarətinə götürmək olduğunu açıqlayıb. Dolayısı ilə rəsmi Moskva verilən qərarla qismən də olsa, öz sözünün arxasında dura biləcəyi və hədəfi yalnız Donbasla məhdudlaşdırdığı mesajını verir. Başda rus ictimaiyyəti olmaqla, beynəlxalq aləmdəki imicini təzələmək üçün belə bir addımın atılması da mümkündür. Nəticədə geriçəkilmə diplomatiya masasında Rusiyanın əlini daha da qüvvətləndirəcək arqumentə çevrilə bilər. Ən önəmlisi isə verilən qərarı ABŞ və Rusiya arasında aparılan gizli sövdələşmələrin nəticəsi kimi dəyərləndirmək olar”.
Ərol ABŞ-ın zəifləyən Rusiya ilə sülh müqaviləsinin imzalanmasından sonra əsas hədəfin Çin olacağını bildirib:
“Rusiyanın uzun müddətdir ki, ABŞ-la masa arxasına oturmaq istədiyi hər kəsə məlumdur. Bu istək ən yüksək səviyyəli rus rəsmiləri tərəfindən də dəfələrlə dilə gətirilib. Rusiya rəsmilərini ABŞ ilə gizli diplomatiya da daxil olmaqla, belə bir axtarışa sövq edən çoxlu səbəb saymaq mümkündür. Yuxarıda sadaladığım amillərdən başqa, qeyd etməliyəm ki, müharibənin uzanması Rusiyanı zəiflədir, Qərbin dəstəklədiyi Ukrayna isə hərbi cəhətdən güclənir. Nəticədə Rusiyanın qlobal strategiyası hər gün daha çox zərbə alır, Moskvanın strateji yalnızlığı artır. Rusiya yalnız Qərb tərəfindən yalnızlaşdırılmır, eyni zamanda digər dövlətlər tərəfindən də tərk edilmə sindromu yaşayır. Bu, xüsusilə Çinlə münasibətdə özünü büruzə verir. Ukrayna müharibəsi Çinin əl-qolunu açır, Rusiya isə bundan narahat olur. ABŞ böyük ehtimal Rusiyanın öz istədiyi səviyyəyə gəldiyini düşünür və bundan artıq zəifləməsini istəmir. Baş verən hadisə müharibənin əvvəlindən ABŞ-ın mövcud rəqabət şəraitində Rusiyanı Çindən uzaqlaşdırıb özünə yaxınlaşdırma strategiyasını izlədiyini göstərir. Çoxqütblü dünya istəyən tərəfə əhəmiyyətli zərbə endirən ABŞ Rusiya və Ukrayna arasında sülhə nail olduqdan sonra bütün gücü ilə Çinə təzyiq göstərmək istəyir. Sülh isə zəifləmiş Rusiyanı neytrallaşdırmaq üçün lazımdır. Fikrimcə, rəsmi Vaşinqton qeyd etdiyimiz istiqamətdə demək olar ki, istədiyi nəticəni əldə edib. Moskva Xersondan qismən çəkilməklə Vaşinqtona müzakirələr üçün bəzi addımlar atmağa hazır olduğunu göstərir, ona yaşıl işıq yandırır. Ümumiyyətlə isə görünən odur ki, tərəflər müzakirəyə və sülhün əldə edilməsinə dünəndən daha yaxındırlar”.