Rusiya və Azərbaycan iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinə həsr olunmuş bir sıra əlamətdar tədbirlər
hazırlayır.
AzerTimes-ın məlumatına görə, bunu brifinq zamanı Rusiya Xarici
İşlər Nazirliyinin rəsmi nmayəndəsi Mariya Zaxarova deyib.
“Bura rəsmi təbrik mesajlarının mübadiləsi və müxtəlif
səviyyələrdə görüşlər daxildir. Mədəni-humanitar əməkdaşlığın
inkişafına xüsusi diqqət yetirilir, Rusiyada Azərbaycan Günləri
çərçivəsində sərgi və konsertlərə başlanılıb. Ölkəmizin Mədəniyyət
Nazirliyi Azərbaycanda da bir sıra tədbirlər hazırlayır.
Diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd
olunması fevralın 22-də Moskvada Rusiya və Azərbaycan Prezidentləri
tərəfindən Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması
fonunda baş tutması əlamətdardır. Bu sənəd bütün sahələrdə, o
cümlədən ticarət-iqtisadi, hərbi-siyasi, mədəni-humanitar sahələrdə
ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni
imkanlar açır”, – deyə M.Zaxarova bildirib.