Rusiya müdafiə xərclərini əhəmiyyətli dərəcədə artıraraq Ukraynaya qarşı uzun, çoxillik müharibəyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirıliyinin hesabatında qeyd olunub.
“Çox güman ki, Rusiya Maliyyə Nazirliyindən sızdırılan sənədlər, Moskvanın müdafiə xərclərini 2024-cü ildə ümumi dövlət xərclərinin təxminən 30 faizinə yüksəlməli olduğunu göstərir. Nazirlik 10,8 trilyon rubl məbləğində müdafiə büdcəsi təklif edir ki, bu da ÜDM-in təxminən 6 faizinə bərabərdir və 2023-cü illə müqayisədə 68 faiz artım deməkdir”, – hesabatda qeyd olunub.
Britaniya MN hesab edir ki, Rusiya dövlətin digər ehtiyacları üçün xərcləri azaltmaqla 2024-cü ilə qədər müdafiə xərclərini bu səviyyədə saxlaya biləcək.
“Rusiyanın müdafiə sektoruna xərcləmələri haqqında məlumat tam məxfiləşdirilib. Bununla belə, hətta sızdırılmış rəqəmlər belə göstərir ki, Rusiya Ukraynada uzun illər döyüşlərə hazırlaşır”, – məlumatda bildirilib.