Rusiya 2022-ci ildə Ukraynaya qarşı müharibəyə göndərilən desantların azı yarısını itirib. Söhbət minimum 15 min hərbçidən gedir.
AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Britaniya kəşfiyyatı xatırladıb ki, avqustun 2-də Rusiyanın Hava-Desant Qüvvələri Gününün qeyd olunması zamanı istəmədən ölkənin müharibədəki itkiləri açıqlanıb.
Belə ki, Rusiya Hava-Desant Qoşunlarının baş komandanı general-polkovnik Mixail Teplinski müraciətində 8 500 desantın yaralandığını və sonradan xidmətə qayıtdığını və ya ümumiyyətlə cəbhə xəttini tərk etməkdən imtina etdiyini bildirib.
Bu video tez bir zamanda Rusiya Müdafiə Nazirliyinin rəsmi kanallarından silinib. Bununla belə, Teplinski Ukraynada nə qədər rusiyalı desantçının öldürüldüyünü və ya ağır yaralandığını açıqlamayıb.
“Lakin Teplinskinin məlumatlarının ekstrapolyasiyası 2022-ci ildə Ukraynaya göndərilən 30 min desantçının azı 50 %-nin öldürüldüyü və ya yaralandığı təxminini təsdiqləyir”, – məlumatda qeyd olunub.