Almaniyanın “Bild” dövri nəşrinin hərbi eksperti Julian Röpke Rusiya-Ukrayna müharibəsindən bəhs edən sənədli film çəkib.
AzerTimes xəbər verir ki, filmdə Röpke 2023-cü ilin yay və payızında Ukraynanın əks-hücum əməliyyatının Kiyev üçün o qədər də uğurlu olmadığını bildirib.
Buna səbəb kimi isə rus qoşunlarının cəbhə xəttində “Surovikin xətti” adlanan güclü müdafiə sistemləri qurması göstərilib:
“Bu, uzunluğu 200 km və dərinliyi 20 km olan müdafiə istehkamları sistemidir, bunun sayəsində Ukrayna ordusu böyük itkilər bahasına yalnız bir neçə kilometr irəliləyə bildi. Beləliklə, Rusiya Ukraynanın cənubunda işğal etdiyi ərazilərin 98 faizini öz nəzarəti altında saxlaya bildi”.
Röpke həmçinin Qərbin Ukraynaya etdiyi yardımların azalmağa başladığını “böyük təhlükə” adlandırıb:
“Biz Ukraynanın Rusiya ilə danışıqlara başlaması haqda müəyyən tendensiya və yanlış təsəvvür görürük. Lakin ruslar danışıqların aparılmasını istəmir. Ukraynanın bir ölkə kimi xəritədə qalacağını mübahisələndirən ruslar tərəfindən heç bir danışıq təklifi yoxdur. Kim rusların Xerson və Zaporojya ərazilərinin işğalından geri çəkiləcəyini düşünürsə, deməli, onlar son iyirmi aydan dərs almayıblar”.