Rusiyanın Novosibirsk vilayətinin Kupinsk rayonunda yerləşən Sladkoye gölü sərhədlərin demarkasiyasından sonra Qazaxıstana verilib.
Bu barədə Kupinsk rayon administrasiyası məlumat yayıb.
“Demarkasiyayadək Kupinsk rayonunun Pokrovka kəndindən 5 km aralıda yerləşən Sladkoye kəndi Rusiyanın ərazisi sayılırdı. Ov mövsümündə Novosibirsk və Omsk vilayətlərindən çoxlu sayda həvəskar ovçu gölə gələrdi”, – məlumatda vurğulanıb.
Xəbərdə qeyd olunub ki, demarkasiyadan sonra göl bütövlükdə Qazaxıstanın ərazisi olub. Kupinsk rayon hakimiyyəti yerli sakinləri və qonaqları sərhəd rejimini pozmamağa çağırır.