Rusiyanın 30-a yaxın silah firması və ən azı 14 müdafiə şirkəti indiyədək Qərbin sanksiyalarından xilas olub.
AzerTimes xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.
Bildirilib ki, “Kalaşnikov” konserninin ən böyük səhmdarı olan Rusiyanın keçmiş nəqliyyat naziri Alan Luşnikova qarşı sanksiya tətbiq edilməyib. Şirkətin özü yalnız 2014-cü ildə Rusiya Krımı işğal edəndə ABŞ-ın sanksiyalarına məruz qalıb, 2022-ci ildə isə AB və Böyük Britaniya ona qarşı sanksiya tətbiq edib.
Rusiya istehsalı olan pulemyotlar, snayper tüfəngləri, tapançaların 95%-i, eləcə də yüngül pulemyotların 98%-i şirkətin payına düşür. Kalaşnikov Konserni həmçinin həm təyyarədən, həm də yerdən buraxıla bilən raketlər istehsal edir.
Müdafiə şirkəti olan “Almaz-Antey” konserni ilə də vəziyyət eynidir. Şirkət ABŞ, AB və Böyük Britaniya sanksiyalarına məruz qalıb, lakin baş direktor Yan Novikov cəzalandırılmayıb.
Sanksiyalardan yayınan digər şirkətlər arasında Rusiya ordusuna satılan pulemyot, tank və zenit sistemlər istehsal edən “Deqtyarev” zavodu da var.
Rusiyanın “Splav Research and Production Association” şirkəti “Uraqan” sistemlərini Hindistan da daxil olmaqla, bir neçə xarici ölkəyə satıb. Şirkətə Böyük Britaniya və ya AB tərəfindən deyil, ABŞ tərəfindən sanksiya tətbiq edilib. Onun baş direktoru Aleksandr Smirnov sanksiyalardan tamamilə yayınıb.